İyunun 12-də Tovuz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzar Rüstəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tovuz RİH başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzar Rüstəmov bildirib ki, gənclərin milli vətənpərvərlik ruhunda böyüməsi, onların dəyərlərin qorunması və inkişafında iştirakının müxtəlif layihələr vastəsi ilə təmin edilməsində Fondun çox böyük rolu var.
“Gənclər və dəyərlərimiz” mövzusunda geniş məruzə ilə çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov qeyd edib ki, gənclərin müasir biliklərə yiyələnməsi, dövlətin inkişafında iştirakının təmin edilməsi, onların dəyərlərin əsas təbliğatçısı kimi stimullaşdırılması dövlətin gənclər siyasətinin əsas prioritet istiqamətlərindəndir.
“Gənclər və mənəviyyat” mövzusunda çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev vurğulayıb ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Bu gün gənclər öz milli kimliyinə, mənəvi dəyərlərinə sadiq qalmalı, onu öz həyat tərzinə çevirməlidir.
Mövzu ilə bağlı Tovuz rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Hikmət İsmayılov və rayon ziyalıları çıxış edərək öz fikirlərini bildiriblər.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.