"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xaçmaz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib

İyunun 3-də Xaçmaz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib. 
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısıAparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev Ramazan ayının milli-mənəvi həmrəylik baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. 
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, müqəddəs Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, insanlar arasında mənəvi birliyi gücləndirən, hər bir şəxsin kamilliyə çatmasına xidmət edən aylardan biridir. Bu bayram insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
Mərasim iştirakçılarını qarşıdan gələn mübarək Ramazan bayramı münasibəti ilə təbrik edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, şəhidlik ən uca zirvədir. Yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər bu müqəddəs zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə əbədilik qazanırlar. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər birimizin müqəddəs borcudur.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

calendar 4-06-2019, 10:41 eye 897 eye Paylaş