"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sabirabad rayonunda keçirilib

Mayın 31-də Sabirabad rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Sabirabad rayonundakı məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavanşir Nəsirov qeyd edib ki, bu gün hər bir yeniyetmə və gənc müasir dövrün tələblərini təhlil etmək və onun əsasında qərar qəbul edə bilmək bacarığına malik olmalıdır. Buna görə də belə intellektual yarışlarda iştirak etmək siz məktəbliləri gələcəkdə bir mütəxəssis kimi formalaşdırmaqda, özünü təsdiq etməkdə böyük rol oynayır.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, dəyərlərimizin təbliği və inkişafında təhsil mühüm yerlərdən birini tutur. Təhsilli və intellektli gənc milli və mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısıdır. Məhz bu səbəbdən də Fondun əsasnaməsində 5-dən çox bənd mənəvi dəyərlərin təhsil və maarifləndirmə vasitəsilə təbliğinə aiddir. Dəyərlərimizin təbliğatçısı olan intellektli məktəbliləri bir araya gətirən “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində bu günə qədər Bakı, Sumqayıt və Göyçayda intellektual yarışlar həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də savadlı region məktəblilərinin tanıdılması, həmçinin müxtəlif şəhər və rayonlardan olan məktəbliləri bir araya gətirərək əsas dəyərimiz olan dostluğun onlar arasında daha da gücləndirilməsidir.
Ölkəmizdə təhsil üçün geniş imkanların yaradıldığını və son illərdə təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını bildirən Sabirabad RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva və Sabirabad rayon Təhsil şöbəsinin müdiri Azər Quliyev məktəblilərə tövsiyələrini verib və intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.

calendar 31-05-2019, 16:45 eye 1 223 eye Paylaş