"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov Almaniyanın nüfuzlu “Deutche Welle” telekanalına müsahibə verib.

Azərbaycanda dini tolerantlıq nümunələrindən danışan Rəfi Qurbanov qeyd edib ki, tarixən ölkəmiz müxtəlif dinlərin, sivilizasiyaların məkanı olub. Əsrlər boyu müxtəlif mədəniyyətlər sülh, dialoq və qarşılqlı anlaşma şəraitində yaşayıb. Müsahibədə Azərbaycan tolerantlığının özünəməxsusluğundan söz açan icraçı direktorun müavini diqqətə çatdırıb ki, ölkəmizdə dini zəmində heç bir zaman münaqişə baş verməyib, məzhəblərarası həmrəylik hər zaman yüksək səviyyədə olub və bu gün də qorunub saxlanmaqdadır. Buna nümunə kimi vəhdət namazlarını, məzhəblərarası evliliyi, eyni zamanda Fondun təşkilatçılığı ilə keçirilən “Vəhdət dəyərimizdir” lahiyələrini və.s göstərmək olar. “Vəhdət dəyərimizdir” layihəsindən danışan Rəfi Qurbanov vurğulayıb ki, layihənin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında yaşayan sunni və şiə icmasının üzvlərindən ibarət qrupları bir araya gətirərək onlar arasındakı dialoq mühitini, həmrəyliyi daha da gücləndirmək, həmçinin gənc nəsilləri bu ruhda böyütməkdir. 
Azərbaycan  mədəni müxtəlifliyinin təntənəsinin digər unikal nümunələrindən biri də yəhudi mədəniyyətinin müsəlmanlar tərəfindən qorunub saxlanılması olduğunu vurğulayan Rəfi Qurbanov bildirib ki, yəhudi uşaqları üçün baxca və məktəblərin, sinaqoqların, eləcə də siyasətçi, hüquqşunas və alimlərin olması bu məkanda müxtəlif mədəniyyətlərin harmoniyasından xəbər verir. 
Bundan əlavə R.Qurbanov Ramazan Bayramında müsəlman və qeyri-müsəlman dini icma üzvləri bir araya gələrək eyni süfrə arxasında Allahın verdiyi ruzini bölüşdüyünü  və dualar etdiyini qeyd edib. O, qeyd edib ki, bu Azərbaycan nümunəsində təkcə müsəlmanların yox,  ölkəmizdə mövcud olan bütün dinlərin bayramı və dinlərarası həmrəyliyin simvoludur. 
Rəfi Qurbanov müsahibə zamanı diqqətə çatdırıb ki, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Çünki bu gün Azərbaycan nümunəsinin qorunub saxlanmansı təkcə bizim coğrafiyamız üçün deyil, bütün dünya üçün əhəmiyyət kəbs edir. 

calendar 13-05-2019, 11:20 eye 1 029 eye Paylaş