"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mahman İsmayılov: "Gənclərimizin dini ekstremizm bəlalarından qorunması vacibdir."

“Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu bir mənalıdır və dəyişməzdir. Lakin bu, dünyəvi təhsil çərçivəsində ali və orta məktəblərdə dini biliklərin tədris olunmasına mane deyildir”. Bu fikirləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.
Onun sözlərinə görə, bir çox ölkələrin, o cümlədən əksər Avropa ölkələrinin məktəblərinin dərs proqramlarında dini biliklərin müxtəlif formalarda tədrisi həyata keçirilir: “Ümumiyyətlə dinin və ya dini biliklərin tədrisi ilə bağlı bu gün dunyada əsasən üç model mövcuddur: 1.Dinin təlimi. 2.Din haqqında maarifləndirmə. 3.Dindən öyrənmə.
Birinci model adından da göründüyü kimi dinin birbaşa tədrisi ilə bağlıdır. Bu modeldə dini tədris edənin həmin dinin daşıyıcısı olması və qarşı tərəfin də öyrədilən dinə bağlılığının gücləndirilməsi məqsədi güdülür. Birinci model konfessional siyasət yürüdən ölkələrdə tədris olunur. İkinci və üçüncü modellərə gəldikdə bu modellər bir-birini tamamlayır. Bu modellərə görə dini tədrisdən məqsəd şagird və ya tələbələrin din və ya dinlərin mahiyyəti barədə düzgün məlumat əldə etmələri, eyni zamanda tədqiqi baxış qabiliyyəti qazanmalarıdır. Yəni, ikinci və üçüncü modellərin hədəfi qarşı tərəfin (şagird və ya tələbələrin) tədqiqi baxış sayəsində din mövzusunda müstəqil qiymətləndirmə və seçmə bacarığı əldə etmələridir.
Məsələyə bu gün dünyada mövcud olan dini zəmindəki qarşıdurmalar, dinin siyasətə alət edilməsi, Yaxın Şərqdə baş verən proseslər, dini radikalların çağırışları və s. kimi prizmalardan baxdıqda, orta məktəblərdə dini biliklərin dünyəvi təhsil çərçivəsində tədris olunmasının faydalı olcağını görərik. Hətta mən deyərdim ki, bu, dünyəvi dövlət modelinin və milli maraqlarımızın qorunması baxımından əhəmiyyət kəsb edən məsələdir. Xüsusilə də, gənclərimizin dini radikalizm, dini fanatizim, dini ekstremizm kimi bəlalardan qorunması vacibdir. Azərbaycanda orta məktəblərdə “Həyat bilgisi” fənnində dini bilikərə yer verilib. Bu fənnin kitablarında həmin biliklər dinin təlimi yox, din haqqında maarifləndirmə modelinə uyğun hazırlanıb. Lakin bu biliklər yetərsizdir və onların genişləndirilməsinə ehtiyac var”.

calendar 30-04-2019, 12:56 eye 689 eye Paylaş