Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin güclənməsi və inkişafının qarantı olan mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət ayırır, xüsusilə bu dəyərlərin gənclər arasında təbliğini ən vacib məsələlərdən biri hesab edirdi. Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlətimizin başçısı dilimizin, dinimizin mədəniyyətimizin, ümumilikdə dəyərlər sistemimizin qorunması və inkişafına xüsusi diqqət göstərir. Prezidentin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü bunu bir daha təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Fond fəaliyyətə başladığı gündən mənəvi dəyərlərimizin, o cümlədən dini dəyərlərin qorunması və inkişafı sahəsində müxtəlif layihələr həyata keçirir. Fondun əsas fəaliyyət istiqamətlərindən biri rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək göstərilməsidir. Keçən il təqribən 1060 din xadiminə aylıq maliyyə vəsaiti ödənilib. Bu proses cari ildə də davam etdirilir. Yanvar ayından etibarən 1000 nəfərdən çox din xadiminə maddi dəstək göstərilməsinə başlanılıb.
M.İsmayılov qeyd edib ki, Fond mənəvi dəyərlərimizin araşdırılması və qorunması istiqamətində müxtəlif layihələr icra edir, maarifləndirmə işləri aparır. Bu layihələr əsasən Azərbaycanda tarixən mövcud olan dinlərarası və məzhəblərarası dostluq və qardaşlığın möhkəmlənməsi, məktəblilər və gənclər arasında tarixi-mədəni abidələrimizin, dilimizin, ənənələrimizin, ümumilikdə dəyərlərimizin təbliği, onlara milli şüurun, vətənpərvərliyin və dəyərlər sistemimizin aşılanması kimi mövzuları əhatə edəcək. Ölkəmizin fərqli bölgələrindən olan din xadimlərinin iştirakı ilə “Vəhdət dəyərimizdir”, “Tolerant Azərbaycan” layihələrinin həyata keçirilməsi planlaşdırılır.
“Milli-mənəvi dəyərlər xalqımızın kimlik vəsiqəsidir. Bir xalqın və ya bir ölkənin digər xalqlar və ölkələr arasındakı yeri həm də onun milli-mənəvi dəyərləri ilə ölçülür. Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. İndi ki, qloballaşma şəraitində bu dəyərlərin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl bu bizim milli varlığımız və mədəniyyətimizlə bağlı məsələdir. Dəyərlərimizi qorumaq milli kimliyimizi hifz etmək, onların təbliği isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum istifadə etməliyik”, - deyə Mehman İsmayılov bildirib.