"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Humanizm zirvəsi

Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olub və bu gün də ölkəmiz öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini və etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında, dilindən və dinindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq mühitində yaşayıblar.
Tam qətiyyətlə deyə bilərik ki, ölkəmizdə tolerantlıq ənənələrinin əsası məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulub. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev xalqın tələbi və istəyilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb.
Azərbaycanın dövlət-din münasibətlərindən danışarkən ilk növbədə, onun tarixinə, Ulu Öndər Heydər Əliyev tərəfindən atılan təməl prinsiplərinə diqqət etməliyik. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi, ilk növbədə, dinlə bağlı siyasətin sağlam, düzgün istiqamətdə qurulmasıdır. Bilavasitə Ulu Öndərin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görülüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradılıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanılıb, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənib. Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşıb.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir. "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüzillərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir.Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır” - deyən Prezident İlham Əliyev Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırıb. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Birinci vitse-prezident hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. O, xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daima vurğulayıb. Azərbaycanın zəngin tolerantlıq ənənələrinə diqqət çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan xalqların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barədə fikirlərini bölüşərkən deyib: "Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.
Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Ümummilli Liderin adını layiqincə daşıyan fond onun xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində əsaslı işlər görür, ona müraciət edən vətəndaşların problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun fəaliyyəti, həm də insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli dünyagörüşlərinin dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi müqəddəs dəyərlərin təbliğ edilməsinə yönəlib. Fondun hər kəsdə fərəh və qürur hissləri doğuran fəaliyyətinin əsasında, şübhəsiz, onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı dayanır. Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq etmək: "Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əksilsin”.
Ölkəmizdə tolerantlıq düşüncəsinin inkişafında xüsusi xidmətləri olan fondun vətənpərvər fəaliyyəti sayəsində Azərbaycanın bir sıra mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınıb, respublikamızın müxtəlif sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun aparıldığı məkana çevrilməsi prosesi bir qədər də sürətlənib.
İctimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayan Mehriban xanım həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza ataraq öz aktiv fəaliyyəti ilə dünyada kifayət qədər rəğbət qazanıb. Birinci vitse-prezident təyin edildiyi 2 il müddətində ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban Əliyevanın fəaliyyətinin əsasını Azərbaycan xalqının rifahı, sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli təşkil edir. O, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı istiqamətində bir çox işlər görüb, bu iki il müddətində məcburi köçkünlər üçün yaşayış kompleksləri tikilib istifadəyə verilib. Məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması Mehriban xanımın apardığı siyasətin özəyini təşkil edir.
Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir.
Siyasətinin əsasını insanpərvərlik amili təşkil edən Mehriban Əliyevanın təşəbbüsü ilə indiyə qədər 4 amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq şəxsə şamil olunub.
Ötən 2 il ərzində Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyətini bir daha sübut edib. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bir sıra beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməklə yanaşı, "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransın təşkil edilməsində xüsusi rol oynayıb. Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə İtaliya ictimaiyyətini məlumatlandırıb.
Dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə ölkəmizdə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Gəncədə "İmamzadə” dini kompleksini ziyarət etməkləri dinimizə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında göstərdiyi xidmətlərə görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif edilib. Bu orden Mehriban xanımın fəaliyyətinə verilən böyük dəyərin göstəricisi hesab olunur.
Mehriban xanım Əliyeva ilk növbədə milli maraqların keşiyində durur. Onun şəxsi təşəbbüsü ilə milli musiqimizin, ədəbiyyat və poeziyamızın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir, muğamımızın dünyada tanınması istiqamətində də böyük işlər görülür. Eyni zamanda, Mehriban xanım sülh və tolenatlığın yayılması, dünyada humanizm dəyərlərinin bərqarar olması üçün müntəzəm olaraq tədbirlər həyata keçirir. O, eyni zamanda, səhiyyə və sosial məsələlərə böyük həssaslıqla yanaşır, talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verir. Bununla yanaşı, Mehriban xanım ölkədə idmanın inkişafına da mühüm töhfələr verib. Məhz Mehriban xanımın sayəsində Azərbaycanda idmanın gimnastika növü xeyli inkişaf edib, ölkəmiz bu sahədə dünyada layiqincə təmsil edilir, Azərbaycan mötəbər beynəlxalq yarışlara evsahibliyi edir.
Mehriban xanım təhsil, elm, incəsənət sahələrində mühüm strateji addımlar atır. Təhsilə, elmə böyük dəstək verən Birinci vitse-prezident "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yeni məktəblərin tikilməsinə, təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsinə lazımi şərait yaradır. Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması təsadüfi deyil, çünki o, dövlətimizin gələcəyini təhsilin inkişafında görən Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır.
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu bir daha sübut edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva müstəqil dövlətimizin inkişafı və tərəqqisinə, milli dəyərlərin qorunub saxlanmasına, xalqın sosial-mədəni inkişafına böyük töhfələr verir və bundan sonrakı fəaliyyətində də bunun şahidi olacağıq.
 
Mübariz QURBANLI,
Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini
"Azərbaycan" qəzeti, 21 fevral 2019-cu il

calendar 21-02-2019, 11:32 eye 733 eye Paylaş