Yanvarın 28-də Sumqayıt Sumqayıt şəhəri Corat qəsəbəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhəri Corat qəsəbə məscidinin təşkilatçılığı ilə “Milli özünüdərkimizdə İslam amili” layihəsi çərçivəsində “İslamda vətən və dövlət sevgisi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Corat qəsəbə məscidinin imamı və icma sədri Sahib Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, ziyalılar və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı vətən və yurd sevgisinin insanlara məxsus ən vacib amil olduğu, ata babalarımızdan əmanət aldığımız vətənimizi, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, dilimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin bizim ən ümdə vətəndaşlıq borcumuz olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.