Yanvarın 24-də Zərdab rayonu Gəlmə kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Gəlmə kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ən ülvi duyğu vətən sevgisi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gündüz Səfərəliyev, Gəlmə kənd bələdiyyəsinin sədri Abdul Orucov, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, dini icma üzvləri, dindarlar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Zərdab RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov qeyd edib ki, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur. Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə bir varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir-Vətən! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz vətən üçün nə etmisiniz”. Vətən sevgisi, Vətəndaşlıq borcu ən əsl, ən uca sevgidir.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazan, şəhidlər verən bir millətin övladlarıyıq. Vətən torpağı bizim üşün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir. Müdrik bir kəlamda deyilir: “Vətəndə ölməyən iki dəfə ölür”. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Vətən sevgisi, Vətəndaşlıq borcu əbədi və əzəlidir.
Daha sonra “Vətən sevgisi, Vətəndaşlıq borcu” mövzusunda Zərdab RİH başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gündüz Səfərəliyev, Gəlmə kənd bələdiyyəsinin sədri Abdul Orucov, Gəlmə kənd tam orta məktəbinin direktoru Gülağa Həsənov, Salahlı kənd tam orta məktəbinin direktoru Abıl Həsənov, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və digər natiqlərin çıxışları dinlənilib.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.