Yanvar 23-də Şamaxı şəhər “Cümə” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı şəhəri “İmamzadə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov və Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, İmamzadə məscidinin imam müavini Rəfail Şirinov, rayonun din xadimləri, eləcə də dindarlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev şəhidlik zirvəsinin xalqımız üçün mənəvi dəyər olmasından bəhs edərək İslam dinində şəhidlərin uca bir məqama sahib olduqlarını vurğulayıb.
Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov və Elnur Mehdiyev vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin örnək həyatından, xalqımızın yaddaşında əbədi qalacağından bəhs ediblər. Qeyd edilib ki, şəhidlər xalqımızın azadlıq yolundakı məşəlçiləridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabandırılıb.