Yanvarın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının təşkilatçlığı ilə Saatlı rayonu Şirinbəy kəndində “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində “Dinimiz mənəvi dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının sədri Mürsəl Bədirov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının sədri M.Bədirov qeyd edib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli-mənəvi dəyərlərin təbliğində dinin rolundan bəhs edən natiq, xüsusilə dini icmaların bu işdə aktivliyinin əhəmiyyətli olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı E.İbrahimov öz çıxışında dini dəyərlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, zəngin milli ənənələrimizə söykənən və müasir hüquqi normalarla tənzimlənən dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.