"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Agcabədidə “Zərərli vərdişlərə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 22-də Ağcabədi rayonu Muğanlı kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” layihəsi çərçivəsində “Zərərli vərdişlərə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi  “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Mərdan Rzayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsimov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak etmişdilər. 
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi  “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri S.Ağayev bildirib ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib.  Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub.  
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı T.Hacıyev  bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib. 
Məruzə ətrafında Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı M.Rzayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı H.Mənsimov, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri və imamı Elnur Sadıqov və Ağcabədi rayonu Rəncbərlər kənd məscidinin mütəvəllisi Xəlil Qədirov çıxış edərək müqəddəs kitabımız olan Qurani Kərimdən və peyğəmbərimizin ailə haqqındakı hədislərindən bəhs ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 22-01-2019, 15:05 eye 729 eye Paylaş