"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "Əsrin aydınları" jurnalına müsahibə verib

İsmayılov Mehman Qurban oğlu 14 avqust 1978-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1985-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı orta məktəbin I sinfinə getmiş və 1995-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. İlahiyyat fakültəsini qırmızı diplomla bitirdikdən sonra 2000-ci ildə Türkiyə Respublikasında Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə magistraturaya daxil olmuş və 2002-ci ildə «XX əsrdə Azərbaycanda yazılan Quran tərcümələri və təfsirlər» adlı magistratura işini hazırlayaraq məzun olmuşdur. 2002-ci ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsində təfsir müəllimi kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə yenə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə doktoranturaya qəbul olunmuşdur. 2008-ci ildə «Quranda Sosial İnteqrasiya» adlı elmi işini müdafiə edərək doktorantura təhsilini başa vurmuş və ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Doktorantura təhsili başa çatdıqdan sonra 2008-2012-ci illərdə Bakı İslam Universitetinin Zaqatala şöbəsində müəllimlik fəaliyyətinə davam etmişdir. 2012-ci ilin may ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci ilin aprel ayından 2017-ci ilin dekabrınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2017-ci ilin dekabr ayının 22-dən etibarən isə DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorudur. 2 kitab müəllifidir, müxtəlif elmi məcmuə və jurnallarda 15 elmi məqaləsi, onlarla məqalə və tərcümələri dərc olunub. Bir çox seminar, konfrans və simpoziumlarda məruzələri olub. Ailəlidir. 2 qız övladı var.

Salam, xoş gördük, Mehman müəllim. Sizi «Əsrin aydınları» jurnalının qonağı qismində görməkdən çox şadam. Əminəm ki, sizinlə müsahibəmiz çox maraqlı olacaq. Jurnalımızın ənənəvi sualına keçid etmək istərdim. Zəhmət olmasa özünüz haqqında bizə və oxucularımıza məlumat verin.

— İlk öncə sizi və oxucularımızı salamlayıram. Mən 14 avqust 1978-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşam. Ailədə beş uşaq olmuşuq, ən böyükləri mənəm. Orta təhsili məhz həmin kənddə almışam. Ali təhsilimi 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində, magistratura pilləsini Türkiyə Respublikasında Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə, doktorantura pilləsini Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə bitirmişəm. İlk dəfə Pedaqoji fəaliyyətə Zaqatala rayonunda Bakı İslam Universitetində müəllim olaraq başlamışam. 2017-ci ildən isə burada DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor vəzifəsində çalışıram. Ailəliyəm, iki övladım var. Böyük qızım halhazırda Ankara Universitetində Tibb fakultəsində təhsil alır. Balaca qızım isə məktəblidir.

— Mehman müəllim təhsilinizin və karyeranızın inkişafında ailə üzvlərinizdən kimin rolu böyük olub?

- Bizim təhsil aldığımız illər sovet ittifaqının dağıldığı, müstəqilliyimizin yeni qazanıldığı illərə təsadüf edir. Hələ dünyaya bir o qədər açılmamışdıq, fürsətlərimiz çox deyildi. Cəmiyyətlər, ölkələr, insanlar indiki kimi qloballaşmamışdı, inteqrasiya o qədərdə güclü deyildi. Valideynlərimin hər zaman təhsilimdə xüsusi nəzarətləri olub. Digər bir məsələ isə 90-cı illərdə ali məktəbə qəbul məhz test üsuluna keçid etdi. Rayon və kəndlərdən ali məktəbə qəbul olanların sayı əvvəlki nəticələrə baxmış çox artdı. Bu proses də mənim uğurlu olmağıma təkan verdi. Daha sonra isə Türkiyənin İstanbul şəhərində magistr və doktorantura təhsili almağa başladıqda buradakı mühit mənim dünyaya baxışımı, dünyagörüşümü, bilik və bacarıqlarımı tamam fərqli boyutlarda inkişaf etdirdi. İstanbul çox böyük şəhərdir. Həm Avropa və Asiyanı birləşdirən böyük şəhərlərdəndir. Orada yaşamaq, təhsil almaq mənə çox şey öyrətdi.

— Dediklərinizdən belə qərara gəldim ki, İstanbul sizin şəxsi inkişafınızda dönüş nöqtəsi olub. Tələbə olaraq orada hansı çətinliklərlə qarşılaşdınız?

— Əgər keyfiyyətli təhsil almaq istəyirsənsə müəyyən çətinliklərə dözməlisən. Burada elmi işlərlə işləmək, davamlı araşdırmalar aparmaq, nəticələri dəfələrlə təhlil etmək yorucu və uzun proses idi. Magistr dissertasiya işimdə mövzum Azərbaycanla bağlı idi. Yadımdadır ki, Bakıda, İstanbulda bütün kitabxanalarda saatlarla tədqiqat aparırdım. Digər çətinliyim isə ailədən uzaq qalıb onlarla tez tez əlaqə saxlaya bilməmək idi. Bu yeni rutinlər ilk illərdə kəskin və dözülməz olur. Lakin sonrakı illərdə mühitə alışırsan, özünə lazım kriteriyalarda müəyyən şərait yarada bilirsən, müstəqil şəxs kimi formalaşırsınız. Məhz bu çətinliklər sənə həyat dərsi olur və daha da möhkəmləndirir.

— Müəllimlik ən ali peşələrdəndir. İlk iş gününüzü, auditoriyanızı necə xatırlayırsınız?

— İlk günümü dünən kimi xatırlayıram, o zaman mən magistr təhsilimi yenicə bitirmişdim. Dərsə girdiyim auditoriyada yaş fərqim elədə fərqli deyildi, demək olar ki mənlə eyni yaşda və məndən yaşca böyük tələbələrim var idi. Amma həyəcan var idi. Təcrübələrimə əsasən sinfi ələ ala bilirdim, tələbələrlə münasibətdə çətinlik yaşamırdım. Azərbaycanda aldığım təhsil ilə Türkiyədə aldığım təhsili müqayisəli təhlil edərək öz dərslərimdə tətbiq edirdim. Həmişə yeniliklərlə auditoriya qarşısına çıxırdım, onlarla müzakirələrə həmişə açıq idim. Məncə on fərqli sahəyədə getsəm belə, müəllimlik mənim üçün əvəzolunmaz sahə olaraq qalacaq. Çünki müəllimlikdən aldığım zövqü heçnədən ala bilmirəm.

— Xatirələr bizim həyatımızı indiki və keçmiş halı ilə dəyərləndirməyə kömək edir, bəzən yada salarkən xoş bəzənsə məyusluq hissləri keçiririk. Xoş və yadda qalan xatirələrinizdən danışaq?

— Əlbəttə, Günel xanım. Uşaqlıq və tələbəlik illərimdən sizə maraqlı günlərimdən danışa bilərəm. Yadımdadır ki, biz kəndə uşaqlarla saatlarla meydançada futbol oynayardıq. Topumuzu isə şam qozalarından düzəldirdik. Kənd yerində o zamanlar top tapmaq çətin olurdu. Məktəbimizdə də bir top olardı onuda idman müəllimimiz sadəcə dərs müddətində verirdi bizə. Özümüzdən fərqli fərqli oyunlar icad edərdik. Əslində bizdən fərqli olaraq bugünümüzün uşaqları daha çox sosial şəbəkələrin, virtual aləmin yaratdığı mühitin içindədirlər və real mühitə, dərsdənkənar oyunlara və digər məşğuliyyətlərə o qədərdə həvəsli deyillər. Düşünürəm ki, bizim uşaqlıq illərimiz daha təbii, daha yeniliklərə, səmimiliklərə həvəsli idi, daha çox ətrafa mərhəmət və sevgi ilə yanaşmağa, dostluqlara əsaslanırdı. O zamanlar ailə anlayışı da başqa idi. Yadımdadır ki, bayram günlərində ailə üzvlərimiz, qohumlar hamı bir yerə toplanardıq. Qonşularımızı ziyarətə gedərdik. Atamgil ailədə doqquz uşaq idilər. Hamısı həftənin müəyyən günlərində ailə-uşaqla babamgilin həyətinə yığışardı. Digər maraqlı xatirələrimdən məktəb illərində bizi düşərgələrə aparırdılar. O zaman mən oktyabryat idim, bizi fərqli fərqli tarixi məkanlara, şəhərlərə eləcədə Mingəçevirə, Şəkiyə gəzintiyə aparmışdılar.

— Halhazırki dünyamızdakı proseslərin ailə bağlarına, mənəvi dəyərlərə təsirlərini vurğuladınız. Mehman müəllim bu istiqamətdə Mənəvi Dəyərlərin Təbliği Fondu hansı layihələr tətbiq edir?

— Dünyada baş verən dəyişikliklər bir çox ölkələrə, xalqlara müəyyən ölçülərdə təsir edir və təbii ki, bu məsələ bizdən də yan ötməyib. Bəzi dəyərlər var ki, onlar daima yaşadılmalı və nəsildən nəsilə ötürülməlidir. Ola bilsinki, modernləşən dünyamızda dəyərlər biraz axsayır və öz gücünü itirir. Bu dəyərlərin itməsi istər istəməz Şərq və Qərb cəmiyyətləri üçün fəlakətlərə səbəb ola bilər. Bu məsələlərlə bağlı bütün dünyada birbaşa məşğul olan qurumlar var. Mənəvi Dəyərlərin Təbliği Fondu həm gənclərlə həmdə məktəblilərlə bağlı müxtəlif mövzularda düşərgələr, təlimlər icra edirik, eləcə də dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin edir. Biz 15 nəfərlik heyət olaraq çalışırıq milli mənəvi dəyərlərlə bağlı gənclərimizə bütün bilikləri müxtəlif istiqamətlərdə aşılayaq. Bizim tədbirlər, seminarlar təkcə Bakıda deyil, eləcədə rayon və kəndlərdə layihələrimizlə çıxış edir, həmin rayonlardakı tarixi abidələri, məkanları ziyarət edirik. Bu istiqamətdə fond olaraq müxtəlif kitablar, vəsaitlər eləcə də Şəhidlərimizlə bağlı kitablar, layihələr hazırlayırıq. Ölkəmizdə müxtəlif dini icmalarla görüşür və onlarla bərabər layihələr icra edirik.

— Az vaxt çərçivəsində cəmiyyətimiz üçün uğurlu işlər və layihələr icra etmisiniz. Gələcək fəaliyyətinizdə hər zaman uğur sizinlə olsun. Mehman müəllim sizə görə Uğur anlayışı nədir?

— Hazırda ətrafımızdakı insanların çoxu məhz uğura çatmaq üçün şəxsi inkişafla bağlı müxtəlif yanaşmalarda kitablar oxuyurlar və çalışırlar ki, məhz həmin kitablarda verilmiş istiqamət üzrə irəliləsinlər. Məncə hərkəsin özünə məxsus uğur hekayəsi, uğura gedən yolu fərqlidir. Uğur haqqında kitablar sadəcə uğurun mahiyyətini, onun strategiyalarını izah edə bilər, müəyyən dərəcədə yön verə bilər, hərşey insanın əzmindən və olduğu mühitdən asılıdır. Mənə görə uğur qazanmaq çətinlikdən başlayır. Həyatda müəyyən çətinliklərlə üzləşməyən insanlar heç vaxt uğur qazana bilməz. Bir dəfə təsadüfən bir psixoloqun çıxışını dinləyirdim, məhz uğur haqqında danışırdı. Deyirdi ki, bir çox valideynlər uşaqlarını dil öyrənsin deyə ətək-ətək pul verib xarici ölkələrə 1-2 həftəlik məktəblərə göndərillər. Amma anlamırlar ki, bu sadəcə əlavə xərcdir, onlar belə dil öyrənə bilməyəcəklər. Bundansa uşaqları hər hansı bir böyük şirkətə və ya mağazaya göndərsə hər hansı bir sahədə müəyyən müddətdə çalışsa daha yaxşı öyrənər, təcrübə qazanar və tədbiq edər. Uğur gördüyün işə, zəhmətə və mühitə bağlıdır. Mən insanın zəhmətilə bərabər, Allahın yazdığı qədərə, nəsibə inanıram. Allah həmişə insanların qarşısına fürsətlər çıxarır və bu fürsətləri insanlar dəyərləndirsə uğura çata bilər.

— Dəyişən dünya və Din. Cəmiyyətimiz dinə nə qədər yaxın və ya nə qədər uzaqdır?

— Ənənəvi cəmiyyətdə din çox böyük rol oynayır. Müasir cəmiyyətdə isə dinin rolu azalıb. Bu proses əsasən ilk öncə Qərbdə sonra isə Şərqdə başladı. Amma hələdə dinin cəmiyyətə çox təsir etdiyi ölkələrdə mövcuddur. Onlarda da 3-5 ilə bu təsir azala bilər. Bilirsiniz din o qədər sirrli, təsirli, maraqlıdır ki, hər dövrə xitab etməyə gücü var. Texnologiyanın inkişafı, dəyişən təzahürlərdən dolayı cəmiyyətlər elə fikirləşirdi ki, din tamamilə unudula və tamamən təsiri azala bilər. Lakin din hər dövrə uyğun yeniləşən və təsir edə biləndir. Elmi cəhətdən baxsaq, insan bioloji fizioloji varlıqdır və o hissləri ilə yaşayır, hərəkət edir. İnsanın mənəviyyatı zəngindirsə onun inamıda, hissidə güclüdür. Bizim cəmiyyətdə dini inam güclüdür. Dini statistikaları daima araşdırıram, Azərbaycan cəmiyyəti dini inancları və ibadətləri ilə ön sıralardadır.

— Mehman müəllim, gənclərimizlə daima görüşür və onlarla işləyirsiniz? Gənclərin inkişafında hansı problemlər var?

— Hazırda müasir dünyamızda bəzi gənclərimiz müəyyən nüanslarda geri qalırlar. Onlar zamanın imkan və fürsətlərindən düzgün yararlanmırlar. Dünyagörüşlərini inkişaf etdirəcək fəaliyyətlərlə səmərəli məşğul olmurlar. Müasirləşmə məfhumunu bilirik amma onun nə məna kəsb etdiyini, necə proses olduğunu dərin bilmirik. İkinci məsələ isə kortəbii özünü tanımadır. Bəziləri mənsub olduğumuz dəyərlərin, mədəniyyətin anlamırlar. Tədqiqat və təhlil bacarıqlarına düzgün riayət etmirlər. Bir neçə il bundan öncə Fransada Notr-Dam kilsəsində yanğın olmuşdu. Hər kəs sosial platformalarda bununla bağlı paylaşımlar etmişdilər. Lakin onlar arasında bu məbəd kilsə haqqında sorğu edərkən məlumatsız olduqları ortaya çıxırdı.Bilirsiniz gənclərin bəziləri təsirə, axına kortəbii qapılıb gedir və əsas mahiyyəti anlamır və bu barədə məlumatlanmır. Bu istiqamətdə düşünürəm ki, gənclər davamlı öz üzərində çox işləməli və təhlillər aparmalıdırlar. Azərbaycan gənci daha potensiallı və daha yaradıcıdır. Ümid edirəm ki, yaxın zamanlarda bu problemdə öz həllini tapacaqdır.

— Mehman müəllim, maraqlı və faydalı müsahibəmiz üçün sizə təşəkkür edirəm. Fəaliyyətinizdə daima müvəffəqiyyətlər arzulayıram.

— Sizə və jurnalınızın rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Əminəm ki, bu jurnal cəmiyyətimizin, xüsusilədə gənclərimizin inkişafında uğurlu bir yol olacaqdır. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. 

calendar 8-01-2024, 10:22 eye 497 eye Paylaş