Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini əks etdirən qısametrajlı filmin çəkilişlərinə başlanılıb.
Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanır.
Filmin çəkilişləri ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmalarının üzvləri Qubaya səfər ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib ki, “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda çəkilən film Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədi daşıyır. Film ingilis dilində dublyaj olunaraq, Avropa ölkələrində təqdim ediləcək.
Çəkilişlər Qubadakı Cümə məscidində və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunda, Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” kilsəsində və başqa məkanlarda aparılacaq. 15-18 dəqiqəlik film sentyabr ayı ərzində təqdim ediləcək. (AZƏRTAC)