Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuzda könüllülər və tələbələr üçün keçirilən "Yay məktəbi" avqustun 16-da öz işini davam etdirib. Yay düşərgəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasovun "Ekoetikanın aktuallığı" mövzusunda mühazirəsi dinlənilib. İnteraktiv sual-cavab formatında təşkil edilən seminar zamanı iştirakçılarla maraqlı fikir mübadiləsi aparılıb.
Daha sonra Oğuz rayonunda yerləşən Tarix-diyarşünaslıq muzeyi, dağ yəhudilərinin sinaqoqu və Oğuz şəhər "Cümə "məscidi ziyarət edilib.
Yay düşərgəsində asudə vaxtın faydalı və maraqlı keçirilməsi məqsədilə Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev 100 - mənəviyyata bağlı ömür" sənədli filmi nümayiş olunub və əyləncəli oyunlar keçirilib.