"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mehman İsmayılov: Azərbaycan xalqının Prezident İlham Əliyevə olan inamı sarsılmazdır

Xalqlar öz varlığını davam etdirmək üçün tarixin müxtəlif dövrlərində izlər qoyurlar ki, həmin izlər sayəsində xalq öz mövcudluğunu qoruyub saxlayır və sonrakı nəsillərə ötürür. Əsrlər boyu dünya səhnəsində layiqli yer tutan kimliyimiz və varlığımız müəyyən dövrlərdə ciddi zərbələr alsa da, XX əsrin sonlarında yenidən silkələnib, titrəyib, dünya səhnəsinə yeni iz salıb. Beləliklə, izimizi, özümüzü yenilədik, varlığımıza, kimliyimizə yenidən həyat verdik. Ulu xalqımız yeni mərhələyə qədəm qoyub. Bu mərhələni başladan isə Ulu Öndər Heydər Əliyev olub. Xalqının ali və ulu dəyərlərini yeni dünya ilə uzlaşdıran Ümummilli Lider müasir Azərbaycanın quruculuğu yolunda gecə-gündüz yorulmadan çalışıb. Bir çox zirvələr fəth olunub, yeni fəthlər üçün zəmin hazırlanıb. Hər sahədə yeni era başlayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov söyləyib.
Bu gün Ulu Öndərin başlatdığı yeni eranın Zəfərlə taclandığını deyən direktor qeyd edib: “Uzaqgörən Ümummilli Lider hələ sovet dövründə Azərbaycanın yenidən müstəqillik əldə edəcəyini görərək hakimiyyətdə olduğu illər ərzində milli mədəniyyətimiz, dilimiz, mənəviyyatımız, tariximiz, ədəbiyyatımız və bir çox digər sahələrdə böyük işlər görüb. Onun gördüyü bütün bu işlər gələcəyin müstəqil ölkəsinin ayaqda durması üçün mühüm əhəmiyyət kəsb edən “milli immunitet” rolunu oynayıb. Müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndərin hakimiyyətə dönüşü ilə onu qoruyub saxlamağın ikinci əsas şərti - "beynəlxalq immunitet" təmin olunub. Heydər Əliyev dühası qısa müddətdə Azərbaycanı bütün dünyada tanıdıb, aparıcı dövlətləri ilə ölkənin gələcəyini qarantiya altına alan əlaqələr qurulub. Ümummilli Lider yolunun nuru ilə yürüyən Prezident İlham Əliyevin Zəfərimizin tacı Şuşadakı son nitqi ata vəsiyyətinə sədaqətin rəmzi idi”.
İcraçı direktorun sözlərinə görə, “istiqlal” sözünün mənası “heçə saymaq”, “saymamaq”, “kiminsə boyunduruğu altında olmadan hökm sürmək” deməkdir. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi yolundakı bütün təhdidləri heçə sayıb, yeni qurulan dövlətin heç bir boyunduruq altında qalmadan yaşamasını təmin edib. Prezident İlham Əliyevin uzun illərdir sərgilədiyi dik duruş bu təminatın davamıdır. Bu gün Azərbaycan xalqının Prezident İlham Əliyevə olan inamı sarsılmazdır. Azərbaycan gəncləri "elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər", - deyən Ali Baş Komandanın bu sözlərinin əbəs olmadığını 44 günlük Vətən müharibəsində bir daha təsdiq etdilər. Azərbaycan dəyərlərinə bağlı gənclik yetişdirməyi qarşısına məqsəd qoyan Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının gənclərə olan etimadı gündən-günə özünü daha da doğruldur. Keçmişini unutmayan, lakin daim irəliyə baxan Azərbaycan gəncləri bu gün ölkədə bütün sahələrdə aktiv fəaliyyət göstərirlər, həm ölkə daxilində, həm də xaricdə bir çox nailiyyətlərə imza atırlar. Ulu Öndərin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı bu gün gənclərimizin, bütövlükdə xalqımızın əsas devizinə çevrilib.

calendar 11-05-2023, 11:49 eye 300 eye Paylaş