Bildiyiniz kimi, müqəddəs Ramazan ayının sonlarına doğru yaxınlaşırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bütün günlərdə, bayramlarda xalqımız tərəfindən yad edilir. Ramazan ayında şəhidlərimizin əziz xatirəsinin yad olunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Mənəvi Dəyərlərin Təbliği Fondu hər il olduğu kimi bu il də iftar mərasimləri təşkil edir. Bu iftar mərasimlərində əsasən şəhid ailələri, qazilər iştirak edirlər.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov söyləyib.
“İftar süfrələri Bakı ilə yanaşı, bölgələrimizdə - Naxçıvanda, Ağcabədidə, Cocuq Mərcanlıda, Kürdəmirdə və digər rayonlarımızda davam etdirilir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - deyə icraçı direktor qeyd edib.