Təbiət Azərbaycana elə bir yer seçib ki,cənnətdən seçilməyib.Vətənimin bir ucuna qar yağanda, aranında güllər ,çiçəklər bir-birinə “gəl-gəl” deyir.Elə yer üzünün cənnəti olduğu üçün pis niyyətli qonşularımızın gözü daima yurdumuzda olub.Yüz illər əvvəl də belə olub,bu gün də belədir.Ona görə də torpağımızdan müharibə və fəlakət əksik olmayıb.Tarixin hansı səhifəsini vərəqləsək o vərəqdən qan damlayacaq: şəhid qanı.Bax, bu Vətəni daha da qiymətli edən torpağına qarışan igidlərin,oğulların qanıdır.Ürəyiaçıqlıq etməyimiz bizə qan və can bahasına başa gəlib. Süfrəmizin çörəyinə ortaq etdiyimiz mənfur düşmənlərimizin bir gün evimizə ortaq çıxacağı kimin ağlına gələrdi ki? Amma ağlımıza gəlməyən başımıza gəldi.İsti ocağında,yuvasında oturan insanları evindən, elindən didərgin saldı mənfur düşmən.Qızlarımızı,oğullarımızı, qoca və uşaqlarımızı amansızcasına qətl etdilər,torpaqlarımızı işğal etdilər,evimizə girib ocağımızı söndürdülər.Ancaq, “Zülm cəzasız qalmaz”deyib ulularımız.
Oğuz elində cəsur, mərd, igid bir komandan yetişdi: Öz qəhrəman oğullarına güvənən komandan bir payız günü düşməni ta öz yuvasına qədər qovmağı qarşısına məqsəd qoydu. Beləcə, igid əsgər və zabitlərimizin qanı,canı bahasına torpaqlarımızı azad etməyə başladıq.Cəbrayil,Füzuli,Zəngilan,Qubadlı şəhərləri düşmən tapdağından azad olundu.
Azərbaycanın incisi, mirvarisi olan bir şəhər vardı Qarabağda.Sıldırım qayaların üstündə tikilən bu şəhərə şəhərin qurucusu Pənahəli xan Şuşa adını vermişdi. Düşmən tapdağı altında inləyən Şuşa övladlarından kömək istəyirdi. Qəhrəman oğullar Şuşanın harayına səs verdilər.Sıldırım qayalara dırmandılar, düşmənin düz üzərinə yeridilər.Şəhid oldular,qazi oldular,Vətən üçün əllərini,gözlərini, ayaqlarını verdilər, amma Vətənin bir qara daşını da düşmənə vermədilər. Şuşanın alınması qələbəmizin nöqtəsini qoydu. Canını Vətən yolunda qurban verən oğullar Vətən torpağını analarından,atalarından,övladlarından çox sevdilər. Bu millət, bu xalq əbədi olaraq sizlərə minnətdardır.
Biz bu qələbəyə birliyimiz sayəsində nail olduq. Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimi birləşərək ölüm-dirim savaşına girdilər. Necə ki, sülh vaxtı bir süfrədən çörək yeyib bir qabdan su içirdik, istər birinci Qarabağ müharibəsi, istərsə də ikinci Qarabağ savaşında da ləzgi, avar, tat, yəhudi, rus, talış qardaşlarımızla əl-ələ verib düşmənə qarşı mübarizəyə qalxdıq. Haqq savaşında şəhid olan övladlarını ləzgi, avar, tat, yəhudi, rus, talış anaları bərabər yola saldılar. Yəhudi əsilli Albert Aqarunov, ləzgi balası Mehrab Niftəliyev, axıska türkü İsgəndər Aznaurov, talış qardaşımız Pəncəli Teymurov, rus əsilli Yuri Kovalyov, Denis Əliyev bu torpaq uğrunda canlarından keçdilər. Çünki bu dövlət heç vaxt öz vətəndaşlarına millət ayrıseçkiliyi etməyib. Bütün vətəndaşlarına eyni münasibət bəsləyib. Düşmən savaşın ən qızğın vaxtında aramıza nifaq toxumu səpməyə çalışsa da buna heç cür nail ola bilmədi. Çünki biz heç kimə milliyətinə, dininə görə fərq qoymadıq. Bizim xalqlar arasında bağlar elə möhkəm formada bağlanıb ki, onu heç bir düşmən aça bilməz. Bu xalqları bir-birinə möhkəm ailə bağları, qardaşlıq telləri birləşdirir. Elə bu sayədə düşmənə ən layiqli cavabı ölkəmizdə
yaşayan qardaş xalqların övladları həm döyüş meydanında, həm də söz cəbhəsində verdilər. Ona görə də düşmənin niyyəti elə niyyət olaraq da qaldı. Çünki biz bir-birimizə milliyətimizi nəzərə alaraq deyil,insan olduğumuza görə dəyər veririk. Təkcə bir fakt Ermənistan ərazisində ermənilərdən başqa heç bir millətin nümayəndəsinin yaşamadığı hər şeyi izah edir. Paylaşmağı, dərdə şərik olmağı, sevincə sevinməyi, dar gündə bir-birinə arxa, dayaq olmağı bizim qədər gözəl bilən millətlər dünyada çox azdır. Nə qədər ki biz bu birliyi, dostluğu, qardaşlığı, sevgini qoruyub saxlayırıq, qarşımızda bütün düşmənlərimiz diz çökəcək. Bu insanları birləşdirən həm də mənəvi dəyərlərimizdir. Mənəvi dəyərlərimizin ortaq şəkildə qorunması, dəstəklənməsi üçün isə dövlətimiz hər bir vətəndaşından dəstəyini əsirgəmir.Bu birliyin sirri xalq və dövlət birliyidir. Bu birliyin memarı Azərbaycan xalqı və Azərbaycan Prezidentidir.
Birliyimiz sayəsində Vətənimiz bütövləşdi.”Dəmir yumruq” zərblə düşmənin başına dəydikcə biz də Ali Baş Komandanımızın ətrafinda sıx birləşdik,hər birimiz bir Vətən parçası olduq. Vətən şəhidlərimizin,qazilərimizin timsalında böyüdü,ucaldı.İndi Vətən bizim üçün Şükür Həmidovdu,Mais Bərxudarovdu,nəğməsi yarımçıq qalan Xudayardı,gülüşü dodağında donan Caviddi,baxışları xatirəmizdən heç vaxt silinməyəcək Elvindi,iki oğlunu eyni gündə şəhid verən-”şəhadətin mübarək oğlum” deyən analarımızdı,ürəyi yüz yerdən paralansa da qürurla “Vətən sağ olsun”deyərək üçrəngli bayrağı öpüb gözlərinin üstünə qoyan atalarımızdı,döyüşdə bir qolunu itirməsinə baxmayaraq məğrur baxışı ilə xəstəxana pəncərəsindən əsgər salamı verən qazimizdir Vətən. Şəhidlər Xiyabanında Şuşamızın alınması xəbərini verdikdən sonra gözləri yaşaran Ali Baş Komandandır Vətən...
Bu torpağın hər daşını Vətən edib,onun uğrunda canından keçən,qanı ilə tarix yazıb özü bu tarixə sığmayan,bir ananın oğlu kimi doğulub, min anaya oğul olan, “havam da, suyum da şəhadət ,yurdum da Vətəndir” deyən, bizə qanlı döyüşlərin qələbə qürurunu yaşadan,üçrəngli bayrağımız ucalsın deyə, evinə bayrağa bükülüb dönən şəhidlərimizin ruhu qarşısında baş əyirik.Sizi unutmarıq, unutdurmarıq!!!