"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

“Haqqın zəfəri” yazı müsabiqəsində 1-ci yerin qalibi olan Astara rayonu Vaqo kəndi Cümə məscidinin imamı Zaur Abbasovun “Vətən naminə milli birliyimiz” adlı məqaləsi

Bir insan düşün ki, tək məqsədi Vətəni və dəyərləri uğrunda canını fəda etsin. Bu məqsəd ətrafında ölkənin on milyon vətəndaşının hər biri birləşəndə milli birlik və vəhdət yaranır. Milli birlik və vəhdət olduğu zaman isə heç bir düşmən onun qarşısında dayana bilməz və bilmədi də. Xalqımızın birliyini və bir yumruq kimi necə birləşdiyini 27 sentyabr 2020-ci il tarixdən hər kəs və bütün dünya açıq şəkildə gördü. Uşaqdan böyüyə hər kəs Ali Baş Komandanının yanında müsəlla əsgər idi. Bu milli birliyimiz böyük qələbəmizin əsası və təminatçısı oldu. Vətən torpaqlarımızın otuz il işğal altında olması xalqımızın milli birlik ruhunu və qələbə əzmini nəinki sarsıda bilmədi əksinə daha da möhkəmləndirdi. 
“Vətən sevgisi imandandır!” buyurub İslam peyğəmbəri Həzrət Məhəmməd səlləllahu əleyhi və səlləm. Yəni Vətən sevgisi iman və vicdan işidir. Burada isə şair necə də gözəl deyib : “Vətəni sevməyən insan olmaz. olsa da o şəxsdə vicdan olmaz ”. Demək ki,  Vətəni sevmək, onu qorumaq və dəyərləri uğrunda çalışmaq- vuruşmaq, vicdanlı və imanlı insanların işidir. Vicdan da uca Allaha iman duyğusunun özüdür. Hər kəs bilir ki, Vətən sərhəddən başlayır. Amma sərhəddən başlasa da, vətənin hüdudları, mənəvi yükü, məsuliyyəti və sevgisi hər zaman vətəndaşının qəlbində olur. Çünki Vətən anadır, ana isə cənnətin belə ayaqları altında olduğu müqəddəs varlıqdır. Ana və vətən, hər ikisi də bir çox dəyərləri özündə birləşdirən olduqca qiymətli dəyərlərdir. İnsan qürbətdə olanda və ya mənfur düşmənlə döyüşəndə vətənin hər qarış torpağının və daşının qədir qiymətini daha yaxşı anlayır. Vətən sevgisini sözlə ifadə etməkdə bəzən kəlmələr yetərli olmur. Çünki Vətən sevgisi ancaq yaşanan ülvi bir hisdir.
Hələ birinci Qarabağ müharibəsində iştirak etdiyim vaxt komandirimiz bölüyümüzdən bir neçə əsgər qardaşımızın Şəhid olduğunu, bəzilərinin itkin düşdüyünü, yaralandığını və şəxsi heyətdən az sayda əsgərin sağ qaldığını xəbər verdiyi zaman çox təsirlənmişdim. Həmin an heç bir söz demədən bir müddət komandirimizin kədərli və şəfqətli baxışlarına diqqət etdim. İlk dəfə idi ki, komandirimizi bu qədər kədərli görürdüm. Hər birimiz dərin bir təfəkkürə dalmışdıq. Şəhidlik zirvəsinə, uca bir məqama yüksəlmişdi Şəhid əsgər qardaşlarımız. Hər biri gözlərimin önündə canlanırdı. Bir neçə gün əvvəl birlikdə təlimlərdə olduğumuz, çətinliklərə qatlandığımız, deyib güldüyümüz və birlikdə yemək yediyimiz əziz qardaşlarımız. Vətən torpağını qanları ilə sulayan və daha da dəyərli edən əziz Şəhidlərimiz. Düşündüm ki, artıq onları bir daha görməyəcəyəm, birlikdə nə döyüşlərdə nə də təlimlərdə iştirak etməyəcəyik, onlarla deyib gülməyəcəyik. Digər tərəfdən, mənimlə birlikdə sağ qalanlar ruhdan düşməsinlər deyə bundan sonra necə hərəkət edəcəyimizi düşündüm.   Düşündüm ki, həyatda olan, sağ qalan hər birimiz də son damla qanımıza qədər döyüşərək Vətən uğrunda ya Şəhid olmalı, ya da düşməni məhv etməliyik.  Qurani Kərimin Əhzab surəsinin 23-cü ayəsində buyurulur: “Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir”. Hələ hərbi andı qəbul edərkən Vətənimizi canı-qanı bahasına da olsa qoruyacağını sanki uca Allaha da söz vermişdi əziz Şəhidlər. Çünki Vətən həm də uca Allahın bizə əmanətidir. Ana Vətənimizin var olması üçün, azad olması üçün, Şəhidlərimizin də arzularını gerçəkləşdirməkdən ötrü Şəhid olana kimi vuruşmalıyıq deyə özümə söz verdim. Vuruşduq amma Şəhid olmağı Allah qismət etmədi. Əlimizdən gəldiyi qədər vuruşduq. Baxmayaraq ki,  o dövrdə silah- sursat təchizatı baxımından ordumuz zəif idi. Amma nə və necə olursa olsun döyüş ruhumuz güclü idi. Mənfur düşmənə olan nifrətimiz hər gün artırdı. Hər fürsətdə düşmənə sarsıdıcı zərbələr vuraraq Şəhidlərimizin qisasını alırdıq. 
Müharibə bir müddət dayandı və 1994-cü il də atəşkəs razılaşması imzlandı. Daha sonra 1997-ci ildə ordudan tərxis olunduq. Tərxis olunduq amma düşünürdüm ki, Vətənə borcumuz tam bitməyib. Çünki 20 faiz Vətən torpağımız hələ də düşmən tapdağında qalmışdı. Səbirsizliklə gözləyirdim və narahat idim ki,  nə vaxt Ali Baş Komandanımızın əmri ilə səfərbərlik olacaq və yarımçıq qalan missiyamızı tamamlayacağıq. Necə rahat ola bilərdik axı? Əziz Şəhidlərimizin ruhu narahat idi! Çünki hələ düşməndən qisas tam alınmamışdı. Şəhidlərimizin uğrunda can verdikləri Vətən torpaqlarımız hələ düşmən tapdağında idi. Bu narahatlığımız atəşkəs imzalanmasından sonra 26 il davam etdi. Nəhayət 2020-ci il 27 sentyabr günü gəldi. 26 ildə iyirmi altı dəfə bu tarixi yaşamışdıq. Amma heç kim bilmirdi ki, növbəti 27 sentyabr tarixi şanlı qələbəmizə doğru ilk gün olacaq. Elə bir gün ki, bütün Azərbaycan xalqının ürəyi birlikdə döyünürdü. Elə bir gün ki, uşaqdan böyüyə  hamı öz əsgəri ilə çiyin-çiyinə düşmənlə döyüşmək istəyirdi. Bu birinci gündən belə qələbə qazanacağımıza hər kəs əmin idi. Amma bunun 44 gün ərzində baş verəcəyini heç kim düşünmürdü. Çünki mənfur düşmən otuz il ərzində cəbhə boyu istehkamlar qurmuş və əraziləri minalamışdı. Bununla da xain düşmən itkilərimizin çox olmasını istəyirdi. Amma mənfur düşmən bilmirdi ki, hər şey Allahın iradəsi və xalqın əzmi  ilə olur. 
Ali baş Komandanımızın rəhbərliyi və milli birliyimiz ilə müzəffər ordumuz nəhayət 44 gün ərzində düşmən üzərində şanlı qələbə əldə etdi. Vətən uğrunda 44 gündə üç min Şəhid verdik, sağlamlıqlarını itirən qazilərimiz oldu. Bütövlükdə xalqımızın dilində bir şüar var idi: “Vətən sağ olsun! Şəhidlər ölməz, Vətən bölünməz!” Əziz Şəhidlərimiz və sağlamlıqlarını itirən qazi qardaşlarımız üçün hər birimiz üzüldük. Şəxsən mənim üçün kədərləndirici bir məqam o oldu ki, Şəhid və Qazilərimizin əksəriyyətinin doğum tarixi 1997-ci ildən sonra olması, əksəriyyətinin gənc olması idi. Yəni bu igid, cəsur və fədakar Şəhidlərimiz və Qazilərimiz ordudan tərxis olduğumuz 1997-ci ildən daha sonra dünyaya gəlmişdilər. Yəni onlar Vətənimiz Azərbaycanın körpə fidanları idi. 26 il ərzində gözümüzün önündə Vətən həsrəti və sevgisi ilə böyümüşdü bu körpələr. Hər biri qəhrəman əsgər və igid cəngavər olmuşdu. Hər biri Vətən adlı bir ananın övladı olmuşdu artıq. Burada şairin dediyi misralar da yerinə düşər: “Vətən mənə oğul desə nə dərdim. Mamır olub qayasında bitərdim”. Canları və qanları ilə ana Vətənin torpağına, qayasına, daşına sarıldı əziz Şəhidlər. Ana Vətən də şəfqət və sevgi ilə onları əbədi olaraq öz qoynuna aldı.  Allah hər birinə rəhmət eləsin! Vətən oğulları üçün hədsiz kədərləndik,  amma digər tərəfdən azadlığına qovuşan Vətən torpaqlarımız üçün sevindik. Sevindik ki, Şəhid qanları ilə sulanmış Vətən torpaqlarımız bir daha düşmən tapdağında olmayacaq. Sevindik və eyni zamanda qürurlandıq ki, Xalqımızın igid oğulları sayəsində üçrəngli gözəl bayrağımız Vətənimizin hər qarış torpağında dalğalanacaq. Sevindik və qürurlandıq ki, düşmən əsarətindən azad olmuş məscidlərimizdə mənfur düşmən bir daha heyvan saxlaya bilməz, minarələrdən isə əzan səsləri yüksələcək.
Düşmən üzərində Zəfər qazandıq amma eyni zamanda ayıq- sayıq olmalıyıq. Çünki mənfur və xain düşmən öz çirkin xislətindən hələ əl çəkməyib. Ən son 13 sentyabr 2022-ci il tarixdə cəbhə boyu baş verən düşmən təxribatı bir daha düşmənin pis xislətini bizə xatırlatdı. Yenə Şəhidlərimiz və Qazilərimiz oldu. Amma düşmənin itkiləri isə qat-qat daha çox oldu. Allah Şəhidlərimizə rəhmət eləsin!
Uca Allah bayrağımızı daim zirvələrdə dalğalandırsın! Uca Allah Dövlətimizi, Vətənimizı, Xalqımızı qorusun və milli birliyimizi əbədi etsin! Uca Allah sülh və əminamanlığı Vətənimiz, Xalqımız üçün əbədi etsin və düşmənlərimizə qarşı ordumuzu daim müzəffər etsin! Amin!

calendar 4-11-2022, 09:30 eye 268 eye Paylaş