Azərbaycanda fəaliyyət göstərən xristian dini icmaları aprelin 14-də işğaldan azad olunmuş Xocavənd rayonunun Hünərli və Tuğ kəndlərinə səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Həyat sözü” xristian dini icmasının təşəbbüsü ilə Pasxa bayramı münasibətilə təşkil olunub.
Xocavəndə “Həyat sözü”, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Alov”, “Vineyard”, “Həyatverici lütf”, “Şərqdə ulduz”, “Yeni həyat”, Alban-udi xristian, "Xilaskar Yevangelik-Lüteranlar", “Yeddinci Günün Adventistləri”, “Yevangelist Xristian Baptistlərin kilsəsi”, Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmalarının, eyni zamanda, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumlarının üzvləri, eləcə də bir neçə müsəlman icması səfər edib.
Səfərin məqsədi ölkəmizin mənəvi sərvəti və dəyəri olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma, hörmət və dözümlülük, eləcə də bu amilin Vətən müharibəsində Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr, o cümlədən fərqli dinlərin nümayəndələrinin bayramlarda birgə iştirakının təbliğ və təşviq edilməsidir.
Səfərdə iştirak edən “Alov” Xristian dini icmasının sədri İdris Məmmədov: "Pasxa bayramı dünya xristianlığı üçün çox önəmli bayramdır. Bu bayram azadlıq bayramıdır. Bu gün biz işğaldan azad olmuş torpaqlara ibadət etmək üçün gəlmişik. Otuz ildir ki, bu günü gözləyirdik. Biz dua etdik, həsrətlə bu günü gözləyirdik. Otuz ildən sonra Qarabağa qayıtdığımız, kilsədə ibadət etdiyimiz üçün çox şadıq. Burada tək xristian icma nümayəndələri deyil, müsəlman qardaşlarımız da bizim yanımızdadırlar. Bu, xalqımızın birliyini göstərir”.
“Vineyard” Xristian dini icmasının nümayəndəsi Emil Pənahov: "Bu bayramı burada qeyd etmək bizim üçün qürurvericidir. Dualarımız eşidildi. İnanırıq ki, gələcəkdə də bayramı burada qeyd edəcəyik".
“Həyat sözü” Xristian dini icmasının baş pastoru Yusif Fərhadov:"Bu bayram günlərində burada olduğumuz üçün tanrıya şükür edirik. Azad olunmuş torpaqlarda dualar oxumaq bizə nəsib oldu. Biz 30 ildən sonra torpaqlarımıza qayıtdıq. Bu torpaqlarda sülh əbədi olsun!”
Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının əməkdaşı Toral Ağayev: “Qarabağ hər bir azərbaycanlı üçün dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq çox əziz və dəyərlidir, bizim tariximizin ayrılmaz hissəsidir, mədəniyyətimizin beşiyidir. Azərbaycanda yaşayan xristianlar üçün Qarabağ xüsusi önəm daşıyır. Çünki bu torpaq Azərbaycanda xristianlığın tarixi ilə birbaşa bağlıdır. Buradakı qədim kilsələr bütün xristianlar üçün çox önəmlidir. Ümid edirik ki, işğal dövründə törədilən dağıntılar tezliklə aradan qaldırılacaq. Azərbaycan öz torpaqlarına sahib çıxdığı kimi, tarixi və mədəni irsinə də sahib çıxır”.
Dini icma üzvləri Hünərli və Tuğ kəndlərində qədim alban kilsələrində olub, dini məbədləri ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, ayinlər icra olunub.