Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində elan edilmiş "Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə" adlı müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Müsabiqədə "Bədii qiraət", "Təsviri incəsənət", "Dekorativ tətbiqi sənət", "Milli musiqi alətində ifa", "Muğam və xalq mahnılarının ifası" nominasiyalarında iki yaş qrupu üzrə 300-ə yaxın dərnək üzvü iştirak edib. Təcrübəli münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmənin nəticəsində 13-ü üçüncü, 11-i ikinci və 8-i birinci yer olmaqla ümumilikdə 32 dərnək üzvü mükafata layiq görülüb. Mükafatlandırılma tədbirində müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib, konsert proqramı təşkil olunub.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər inkişaf Mərkəzinin direktoru Könül Mustafayeva, eləcə də müsabiqənin layihə rəhbəri Rövşən Əliyev çıxış edib.
Məktəblilər arasında milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycançılıq ideologiyasının təşviqi, habelə bədii qiraət, təsviri incəsənət, dekorativ tətbiqi sənət, xalq havalarının, muğam və mahnılarımızın ifası üzrə məktəblilərin qabiliyyət ve bacarıqlarının müəyyənləşdirməsi, onların istedadının düzgün istiqamətləndirilməsi, o cümlədən yaradıcılıq potensialının artırılmasında belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədbirin sonunda təşkilatçılar tərəfindən dərnək üzvlərinə diplom və hədiyyələr təqdim edilib.