"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən "Qanla yazılan ömür" sənədli filminin təqdimatı keçirilib

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən "Qanla yazılan ömür" sənədli filminin təqdimatı keçirilib.
Bakı Mühəndislik Universitetində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun  maliyyə dəstəyi ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən "Qanla yazılan ömür" sənədli filminin təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, tələbə-gənclər iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verib. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək şəhidlərimizin unudulmaması, gənclərə tanıdılması istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb. Millət vəkili Ceyhun Məmmədov şəhidlərin döyüş yolunun öyrənilməsi istiqamətində bu cür vətənpərvərliyi aşılayan sənədli filmlərin tanıdılmasının vacibliyini vurğulayıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün həyata keçirdikləri layihələrdən söz açaraq bildirib ki, hər bir şəhidin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Layihənin rəhbəri, "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva şəhid polkovnik-leytenant Sədi Musayevin döyüş yolunun yeni nəsil üçün nümunə olacağını bildirib.
Daha sonra Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan, igidliyindən bəhs edən "Qanla yazılan ömür" sənədli filmi nümayiş etdirilib.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunan kitablar tələbələrə hədiyyə edilib.

calendar 1-04-2022, 16:57 eye 488 eye Paylaş