"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran şəhərində təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi” başa çatıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi” başa çatıb.
Qeyd edək ki, “Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhlarının gücləndirilməsi, intellektual səviyyələrinin, dünyagörüşlərinin zənginləşdirilməsi, onları ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etmək və layiqli vətəndaş olaraq yetişmələrinə töhfə verməkdir.
“Qış məktəbi”nin sonuncu günü bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov tələbələri layihənin uğurla başa çatması münasibətilə təbrik edib.
A.Şirinov təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu vurğulayıb. Rektor təhsilalanlara ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi, bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib.
Ali təhsil müəssisəsinin rəhbəri daha sonra cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin əhəmiyyətinə toxunub, tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.
A.Şirinov, həmçinin Lənkəranda təşkil edilən “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin əhəmiyyətindən bəhs edib. Lənkəran rayonunda mövcud olan qədim abidələrimizlə tanışlığın, eyni zamanda, təşkil edilən seminarların gənclərin biliklərinin artırılmasında xüsusi səciyyə daşıdığını nəzərə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bağlanış mərasimində çıxış edərək, belə layihələrin icrasının gənclərin milli-mənəvi dəyərlərimizlə tanışlıq baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Belə layihələrdə gənclər aktiv iştirak etməli, multikultural, tolerant mühitin canlı şahidi olmalıdırlar. M.İsmayılov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri və məzunlarının üzərinə milli-mənəvi dəyərlərimizin təbliği kimi böyük missiya düşür.
“Qış məktəbi” iştirakçıların mükafatlandırılması və sertifikatların təqdim olunması mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, layihə çərçivəsində tələbələr üçün müxtəlif seminar və ziyarətlər, film nümayişləri, əyləncəli oyunlar təşkil edilib. Belə ki, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Kösenin təqdimatında onlayn formatda “İlahiyyat nədir? İlahiyyat elminin dəyəri” mövzusunda vebinar, Lənkəran Dövlət Universitetinin baş müəllimi, AMEA Lənkəran Regional Elm Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun təqdimatında “Azərbaycanın Cənub-Şərq bölgəsində aşkarlanmış dəfinələr”, Lənkəran Dövlət Universiteti Tarix-coğrafiya və incəsənət fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Müşfiq Bayramovun təqdimatında “Azərbaycanın Cənub-Şərq bölgəsinin muzeydənkənar tarix və mədəniyyət abidələri” mövzularında seminarlar keçirilib.
Tələbələr “Qış məktəbi” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Xocalı Soyqırımı Abidəsini, Həzi Aslanovun ev-muzeyini, Tarix-Diyarşünaslıq Muzeyini, “Kiçik Bazar” məscidini, “Böyük Bazar” məscidini, “Şeyx Zahid” və “Seyid Xəlifə” türbələrini ziyarət ediblər.

calendar 11-02-2022, 15:36 eye 496 eye Paylaş