"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

ADU-da Fondun dəstəyi ilə nəşr edilmiş “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərlinin müəllifi olduğu, 2016-cı il Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə ADU-nun Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov açaraq kitab haqqında ətraflı məlumat verib və bildirib ki, kitabda tarixə “Dördgünlük müharibə” kimi daxil olmuş Aprel döyüşlərində şəhid olan 89 şəhid haqqında məlumatlar, müəllifin şəhid ailələri ilə olan görüşləri, müharibə qaziləri ilə olan müsahibələri, cənab Prezidentimiz İlham Əliyevin Aprel döyüşləri ilə bağlı imzaladığı Fərman və Sərəncamlar yer almışdır.
ADU-nun rektor məsləhətçisi, i.e.f.d Anar Osmanlı, Pedaqogika kafedrasının müəllimləri dos. Oktay Abbasov, dos. Vidadi Bəşirov, p.f.d. Səbinə Əliyeva və p.f.d. Türkan Əliyeva çıxış edərək kitab haqqında fikir və mülahizələrini bildiriblər. 
Tədbirə qonaq qismində dəvət olunmuş şəhid Muşviq Orucovun atası Arif Orucov oğlunun qəhrəmanlıqlarından söz açıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov şəhidlərimizlə bağlı belə bir kitabın ərsəyə gətirilməsini bütün şəhidlərimizin ruhu qarşısında mənəvi borc, hörmət və ehtiram olaraq qiymətləndirib.
Kitabın ön sözünün müəllifi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov zəfərlə başa çatan  İkinci Vətən müharibəsi haqqında qısaca məlumat verərək, gücün qarşısına güc qoymaq təcrübəmizin köməyimizə çatdığını və əcdadımızdan miras qalanları qorumaq üçün hər birimizin –  müəllimi, həkimi, fəhləsi, polisi, memarı və digər peşə sahiblərini Vətən çağırır nidası ilə əsgərə çevrilən xalqın xəyalında Şuşaya apardığı bayrağı layiq olduğu yerə sancmaq üçün böyük bir qəhrəmanlığa imza atdığını vurğulayıb. 
Sonda “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabının müəllifi, polis leytenantı Aynur Səfərli tədbir iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizin gəncliyimiz üçün canlı vətənpərvərlik nümunəsinə çevrildiyini, onların hər birinin  ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaratdığını vurğulayıb. Müəllif onu da qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizin təməli məhz 2016-cı il aprel döyüşlərilə qoyulmuş, bununla da Azərbaycan xalqı dəmir yumruğunu həm düşmənin, həm də onun havadarlarının başına endirmişdir.
Sonda tədbir iştirakçılarına və universitetin tələbələrinə Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi kitablar təqdim edilib və birlikdə xatirə şəkli çəkilib.

calendar 29-11-2021, 09:54 eye 805 eye Paylaş