Dekabırın 13-də Quba rayonunun Aşağı Xuc kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında ibadət yerlərinin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev və Mehman Məmmədli, Quba rayon Təhsil şöbəsinin əməkdaşı Mənsur İlyasov, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev kənd ictimaiyyəti – o cümlədən, dindarlar, gənclər iştirak edib. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan milli-mənəvi mühitinin əsasını mədəni müxtəliflik təşkil edir. Ölkəmizdə təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən cəmiyyət nümayəndələri deyil, müxtəlif mədəniyyətə, dilə və dinə mənsub bir çox xalqlar və etniklər əsrlər boyu bərabərlik, qarşılıqlı hörmət və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda bir mənəvi dəyər kimi tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün, qarşılıqlı anlaşmanın və əminamanlığın təminatında böyük rol oynayır. Azərbaycanda mövcud olan ibadət yerləri də tolerant və multikultural prinsiplər əsasında fəaliyyət göstərir, yüksək milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Daha sonra DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədli geniş məruzə ilə çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində aparılan fəaliyyətdən bəhs edib və bildirib ki, keçmişdən bizə gəlib çatan mənəvi dəyərləri qorumaq və gənc nəslə çatdırmaq müasir dövrün aktual mövzularındandır. O, qeyd edib ki, bizim ən böyük dəyərimiz müstəqilliyimizdir, cəmiyyətimizin hər bir üzvi azərbaycançılıq ideologiyası ətrafında birləşərək qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayır və fəaliyyət göstərir. Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Mənsur İlyasov gənclərin mənəvi tərbiyəsində məktəblərin rolunu önə çəkərək qeyd edib ki, milli-mənəvi dəyərləri kiçik yaşlardan uşaqlara aşılamaq, onları bizə yad olan təsirlərdən qorumaq üçün məktəblə bərabər valideynlərin üzərinə də məsuliyyət düşür. Mənsur İlyasov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək xüsusilə gənclərin məlumatlandırılmasına diqqəti çəkib.
Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev çıxış edərək qeyd edib ki, DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini icmalara təqdim edilmiş layihələr əhalinin, xüsusilə gənclərin düzgün maarifləndirilməsinə yönəlmiş bir dəstəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.