“Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib

Foto qalereya / Xəbərlər / Konfranslar 04-11-2021 16:04 270

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və İçərişəhər “Həzrət Muhəmməd” məscidi dini icmasının birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib. Konfransda şəhid övladları, onların ailə üzvləri, ictmaiyyət və media nümayəndələri iştirak ediblər. 
Konfransın əvvəlində qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsələndirilib. Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Zəfər Gününün əhəmiyyətini qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tarix yazdığını bildirdi.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Ən ali zirvə - Şəhidlik” filmi nümayiş etdirildi.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı,  Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, o cümlədən şəhid övladları Ümid Quliyev və Əsnad İsmayılova Vətən Müharibəsinin böyük bir qəhrəmanlıq dastanı olduğunu qeyd etdi. Natiqlər tədbirin təşkilatçılığına görə minnətdarlıqlarını bildirdilər.  
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin sifarişi, şəhid övladlarının iştirakı ilə hazırlanan “Şəhid övladlarının zəfər sədası” adlı klip kompozisiyasının təqdimatı olub. Təqdimatdan sonra İctimai Birliyin sədri Pərişan Əsədova, layihə rəhbəri Həcər Əkbərova, klip kompozisiyasının sözlərinin müəllifi Baba Vəziroğlu, bəstəkarı Sevinc Tofiqqızı çıxış etdilər.
Tədbirdə “Həzrət Muhəmməd” məscidi dini icmasının üzvü olan Vətən Müharibəsi iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mükafatlandırıldı.
Konfrans şəhid övladlarının “Şəhid övladlarının zəfər sədası” kompozisiyasını canlı ifası ilə başa çatdı.