"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda “Azərbaycan gəncliyi ənənəylə müasirlik qovşağında” mövzusunda konfrans keçirilib

Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycan gəncliyi ənənəylə müasirlik qovşağında” mövzusunda konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Bakı şəhəri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı şəhərində yerləşən ali məktəblərin Tələbə Gənclər Təşkilatının rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov giriş nitqində ölkəmizdə gənclər siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirdi. İcraçı direktor qeyd etdi ki, gənclər tarixi ənənələrə sadiq qalaraq müasir düşüncəni də mənimsəməyi bacarmalıdır. Hər bir gəncin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşmasının vacibliyini qeyd edən M.İsmayılov Fondun bu sahədə aidiyyəti qurumlarla genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirməyi planlaşdırdığını vurğuladı.
“Milli-mənəvi dəyərlər dövlət gənclər siyasətinin əsası kimi” mövzusunda məruzə ilə çıxış edən Bakı şəhəri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov günümüzdə gənclərin dövlətin diqqəti mərkəzində olduğunu bildirdi. Gənclərlə bağlı dövlət səviyyəsində bir çox layihə və proqramların icra edildiyini söyləyən İ.Səfərov cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü də diqqətə çatdırdı.
Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev ənənə ilə müasirlik anlayışının mahiyyəti haqqında danışdı. C.Əliyev bildirdi ki, gələcək nəsillərin ənənələrimizə olan münasibəti bu günkü gəncliyin münasibətindən asılı olacaq. 
Konfransda gənclərin təmsilçisi qismində çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun I kurs tələbəsi Aytac Mustafalı gənclərin üzərinə düşən tarixi missiyadan söhbət açdı. A.Mustafalı hər bir gəncin milli dəyərlərinə bağlı və mənəviyyatı zəngin insan kimi yetişməsinin əhəmiyəti haqqında söhbət açdı.
Konfransda mövzu ilə bağlı gənclərin fikirləri dinlənildi geniş fikir mübadiləsi aparıldı.

calendar 13-12-2018, 14:13 eye 1 756 eye Paylaş