“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə dəstəyi ilə Vətən müharibəsində qalibiyyətlə nəticələnən zəfərimizin 1-ci ildönümünə həsr edilmiş “Zəfər yolu” layihəsinin növbəti tədbiri Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində keçirilmişdir.
Tədbirdə universitetin müəllim-tələbə heyəti, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Giriş sözü ilə çıxış edən “Zəfər” İB-nin sədri Sevinc Alızadə Vətən torpağının azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, qürur və fəxarətlə yad ediləcəklərini bildirmişdir. Universitetin prorektoru Yaşar Ömərov tədbir iştirakçılarını salamlayaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin gənc nəsil, tələbələr arasında keçirilməsinin vacibliyini vurğulamış, hər bir gəncə nümunə olacaq qəhrəmanların həyat və döyüş yolunun tanıdılmasının əhəmiyyətini qeyd etmişdir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Hatəm Gülməmmədov çıxış edərək “Zəfər yolu” layihəsinin əhəmiyyətini açıqlamış, Vətən müharibəsinin qəhrəmanlarına həsr edilmiş tədbirlərin gənc nəslə aşıladığı milli-mənəvi tərbiyənin müsbət təsirini qeyd etmişdir.
Tədbirdə universitetin tələbə gənclərinin çıxışları da maraqla qarşılanmışdır.