Dekabrın 11-də Qusar rayonu Avaran kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının Avaran kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd tam orta məktəbin direktoru Nurulla Davidov, Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov, kənd ictimaiyyəti – o cümlədən, ağsaqqallar, dindarlar, gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Xalqımızın simasında zaman-zaman yaşamış və keçmişdən bizə gəlib çatmış milli-mənəvi dəyərlərimiz - ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik bu gün dövlətin hər cür resurslarla formalaşdırmağa və yaşatmağa çalışdığı ən mühüm milli-mənəvi dəyərlərimizdəndir.
Qusar RİH başçısı Aparatının Avaran kənd İƏD üzrə nümayəndəsi Sabir Fərzəliyev milli-mənəvi dəyərlərin təbliği sahəsində ərazidə aparılan işlərdən söz açaraq bildirdi ki, ölkədə adət və ənənələr mədəni tədbirlərdə də öz əksini tapır. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlardan geniş istifadə olunur.
Qusar rayonu Avaran kənd tam orta məktəbin direktoru Nurulla Davidov çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır.
Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs etmiş, milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasını tolerantlığın bariz təzahürü olduğunu bildirmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.