Dekabırın 5-də Quba rayonunun Alpan kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında ibadət yerlərinin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının Alpan kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi Cavid Əlibəyov, Quba rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təmsil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanlar toplumu deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar və etniklər əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda bir mənəvi dəyər kimi tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün və əminamanlığın təminatında böyük rol oynayır. Azərbaycanda mövcud olan ibadət yerləri də tolerant və multikultural prinsiplər əsasında fəaliyyət göstərməklə, mənəvi dəyərlərimizin təbliği və qorunmasında mühüm rol oynayır.
Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov gənclərin mənəvi tərbiyəsində məktəblərin rolunu önə çəkərək qeyd etdi ki, milli-mənəvi dəyərləri kiçik yaşlardan uşaqlara aşılamaq lazımdır. Bu işdə məktəblə bərabər valideynlərin üzərinə də məsuliyyət düşür.
Quba RİH başçısı aparatının Alpan kənd İƏD üzrə nümayəndəsi Cavid Əlibəyov çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək xüsusilə gənclərin məlumatlandırılmasına diqqəti çəkdi.
Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini icmalara təqdim edilmiş layihələr əhalinin düzgün maarifləndirilməsinə kömək edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.