Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusunda onlayn konfrans keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Dini komissiyanın sədri İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, müəllimlər və gənclər iştirak etmişdir.
Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov açaraq, iştirakçıları salamladı və tədbirin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini komissiyanın sədri İlqar Süleymanov çıxış edərək qeyd etdi ki, Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb. Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələlərə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır. Müasir dövrdə insanın və bütövlükdə cəmiyyətin həyatında milli dəyərlərə böyük önəm verilməsi, həqiqətən də vacibdir. İnsan və cəmiyyətin davamlı inkişafı, rəqabətəqabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlı olmasının vacibliyini diqqətə çatdırdı.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən işğal nəticəsində İslam mədəniyyətinə aid olan bütün məscidlərin, abidələrin dağıdılmasından danışaraq qeyd etdi ki, təkcə İslam mədəniyyətinə aid abidələr deyil, Alban-xristian məbədləri də məhv edilmişdir. C.Əliyev bildirdi ki, Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur və bəyənilir.
Sonra “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Nihad Əliyev çıxış edərək, müasir dövrdə din adından istifadə edərək dünyanın bir çox bölgəsində törədilən terror hadisələri qlobal problemə çevrilməsindən, şiddət, zorakılıq, terror və anarxiyanın İslamla heç bir əlaqəsinin olmadığı haqqında geniş məlumat verdilər .
Sonda tədbir iştirakçıları gəncləri maraqlandıran sualları cavablandırdılar.