Dekabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Üçüncü Tala kənd məscidi dini icmasının təşkilatçılığı ilə birgə həyata keçirilən “Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihə çərçivəsində Zaqatala rayonu Dağlı kəndində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının Dağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ömər Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının sədri Hudul Dadalov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Dağlı bələdiyyəsinin sədri Təranə Ömərova və Dağlı kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısının Dağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ömər Qarayev əhalinin müxtəlif zümrələri arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulamış, mənəvi dəyərlərin gənc nəslin yetkin şəxsiyyət və nümunəvi vətənpərvər vətəndaş olaraq formalaşmasındakı mühüm rolundan danışıb.
Üçüncü Tala kənd dini icmasının sədri Hudul Dadalov çıxışında gənclərin xalqımızın zəngin mənəvi dəyərləri, adət və ənənələri üzərində tərbiyə edilməsinin ailə ilə yanaşı vətənimiz və cəmiyyətimiz üçün faydasından danışmış, mənəvi və dini dəyərlərin öyrənilməsində təhsilin vacib amil olduğunu bildirmişdir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev qeyd etmişdir ki, qədim dövrlərdən müasir dövrümüzə gəlib çatmış xalqımızın zəngin mənəvi dəyərləri bu gün müstəqil, dünyavi və hüquqi Azərbaycan dövlətinin inkişafında, tərəqqisində, vətəndaş cəmiyyətinin qurulmasında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və gənclər tərəfindən öyrənilməsi sahəsində apardığı dövlət siyasətinın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini qeyd edib. Müasir zamanda mənəvi dəyərlərin gənc nəslin sağlam ruhda, vətənpərvər olaraq formalaşmasında əhəmiyyətindən danışıb. Eyni zamanda gənclər tərəfindən mənəvi dəyərlərin öyrənilməsində və gənclərin müasir dünyagörüşünün formalaşmasında təhsilin, elmin vacib amil olduğunu bildirib.
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, Vətən sevgisinin gənclərə aşılanmasında İslam dəyərlərindən bəhs etmiş, gənclərin təhsilə və elmə maraqlarının artırılmasının vacibliyini bildirmişdir.
Tədbirdə “Diaspor İnfo” saytının baş redaktoru, ”Səs” informasiya agentliyinin şimal-qərb bölgəsinin rəhbəri Əlmaniz Ələkbərli, Dağlı kənd körpələr evi uşaq bağçasının müdiri Vahidə Mehdiyeva, Dağlı kənd tam orta məktəbinin direktoru Cuma Məmmədov, Dağlı kənd ağsaqqalı Bəşir Məmmədov, Dağlı kənd məscidinin imamı Asif Abdullayev çıxış edərək mənəvi dəyərlərin qorunub saxlanılmasının, öyrənilməsinin və yaşadılmasının ölkəmizin uğurlu inkişafında müstəsna əhəmiyyətindən danışmışlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.