Dekabrın 4-də Qusar şəhəri 1 saylı tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Kamran Sədullayev, Qusar rayon Təhsil şöbəsinin Metodiki kabinetin direktoru Qorxmaz Muradov, Qusar şəhəri B. Ağaverdiyev adına 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov, Qusar şəhəri “Mustafa Kazdal məscidi” dinin icmasının sədri Fəryaddin Rəhimxanov məktəblilər, gənclər və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. E. Nurullayev bildirib ki, bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit çox əhəmiyətlidir.
Qusar RİH-nin İctimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Kamran Sədullayev milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə əlaqədar rayonda aparılan işlərdən bəhs edərək qeyd etdi ki, müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və bilməlidir.
Qusar rayon Təhsil şöbəsinin Metodiki kabinetin direktoru Qorxmaz Muradov çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır.
B. Ağaverdiyev adına Qusar şəhəri 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov öz çıxışında milli-mənəvi dəyərlərin məktəblilər arasında təbliği sahəsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışdı.
Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov tədbirdə çıxış edib. O, dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildirib ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.