Dekabrın 4-də Ağsu rayon Muradlı kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kənan Tacızadə, Rayon Təhsil şöbəsinin metodisti Bəxtiyar Əhmədli, Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, milli-mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə geniş söhbət açılıb. Bildirilib ki, gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyə edilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində ziyalıların, ağsaqqalların da üzərinə böyük işlər düşür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb