"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Hacıqabul rayonu "Pir Hüseyn" Xanəgahı

Yurdumuzda saysız-hesabsız tarixi abidələr var. Bu abidələrin çoxunu ziyarətgahlar, o cümlədən pirlər təşkil edir. Həm tarixi abidə olan, həm də dövlət qoruğu kimi qorunub saxlanılan ziyarətgahlardan biri də Bakının 127-ci kilometrliyində Pirsaat çayı sahilində, Bakı-Salyan karvan-ticarət yolu üzərində, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisində yerləşən Pir Hüseyn xanəgahıdır.
Pir Hüseyn xanəgahının çox qədim və maraqlı tarixi var. Əhalinin müqəddəs saydığı və pirə çevirdiyi XI-XIII əsrə aid olan bu tarixi abidə dahi sufi şairi, filosof Şeyx Əlihüseyn ibn Əlinin (əsl adı belədir) məzarı üzərində ucaldılmış əsrarəngiz memarlıq kompleksidir. Ləqəbi Pir Hüseyn Şirvani olan alim "Qələndəriyyə" sufi təriqətinin başçısı olub. O, dini alim olduğundan dini məclisləri burada idarə edib. Qiymətli abidə sayılan bu xanəgah Azərbaycan ərazisində yerləşən xanəgahlar arasında mühüm yer tutur.
Pirsaat çayı sahilində yerləşən bu memarlıq kompleksi Şirvanı dünya ilə bağlayan ana karvan yolu üstündə tikilmişdir. Yolüstü vəziyyəti xanəgahın möhkəm divarlarla qapalı, bürclərlə möhkəmləndirilmiş – qalaçaya bənzər quruluşunda əks olunmuşdur. Kompleksin əsas tikililəri bu dördbucaqlı qalanın içindədir. Hacıaqabul rayonu ərazisində qeydiyyata alınan 14 tarixi abidədən 7-si xanəgah ərazisində yerləşir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi vaxtilə çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzədilmişdir. 
Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə bildirir ki, “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır”. Silindrik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısında sol tərəfdə onun Şirvanşah II Axsitanın hakimiyyəti dövründə hicri 654/miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir. Minarədəki başqa daş lövhədə oyulmuş iki sətirlik yazıda “Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud Ibn Ibrahimin əməli” məlumatı həkk olunmuşdur.       
Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Pirhüseyn Rəvvanın məqbərəsidir. Pirhüseyn Rəvvanın türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Pirhüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pirhüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda, bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirsaatçay xanəgahının çox qiymətli bir qismini də onun məscidinin içərisindəki mehrab təşkil edir. Kəc üzərindəki oyma üsulu ilə işlənmiş bu mehrab həm ornament bəzəyi, həm də üzərindəki kitabələr cəhətdən olduqca qiymətli bir sənət əsəridir. Kəcin arasına daxil edilmiş firuzə rəngli kaşı parçaları bu məqbərənin Şərq hissəsini daha da zənginləşdirir. Bu mehrab, yüksək bədii keyfiyyətləri nəzərə alaraq, mühafizəsini təmin etmək üçün Bakıya köçürülmüş və Nizami muzeyinin salonlarından birinin divarında yenidən quraşdırılmışdır. 
Xanəgahın həyətində - türbənin yanında iki yanaşı su quyusu var. Suları şirin və yüngüldür. Əhali sudan həm içmək, həm də müalicə vasitəsi kimi istifadə edirdi. Bu quyuların suyu həmişə eyni səviyyədə qalır. Hamı üçün maraqlı və müəmmalı qalan isə bu quyulardakı suyun heç zaman artıb-azalmamasıdır. 
Eyni zamanda xanəgahın içərisindən Şamaxı şəhərinə 67 km uzunluqda yeraltı tunel aşkar edildikdən sonra bu ərazi tarix-memarlıq qoruğu elan edilib. Abidə 2005-ci ildən tarixi-memarlıq qoruğu kimi fəaliyyət göstərir. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun 67 ha ərazisi var.
Qeyd etmək istərdik ki, Abidə 2005-ci ildən tarixi-memarlıq qoruğu kimi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi (indiki adı ilə Mədəniyyət Nazirliyi) tərəfindən xanəgah 2007-ci ildə yenidən təmir-bərpa edilmişdir.

İlahə İbrahimova
Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi
"Tarixin şahidləri" müsabiqəsində həvəsləndirici yerin qalibi

calendar 21-09-2020, 10:27 eye 2 358 eye Paylaş