"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakı şəhərində “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib

Dekabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev ölkəmizdə xeyriyyəçilik ənənəsinin dərin tarixi köklərə bağlı olduğunu bildirdi. İcraçı direktor müavini diqqətə çatdırdı ki, xeyriyyəçilik sadəcə maddi deyil, mənəvi meyarlarla da ölçülməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə “Heydər Əliyev Fondu” vasitəsilə bir çox xeyriyyəçiliklə bağlı genişmiqyaslı layihələrin icra olunduğu qeyd edən C.Əliyev xüsusilə gənc nəslin xeyriyyəçilik ənənəsini öyrənərək davam etdirməsinin əhəmyyətinə toxundu. 
“Azərbaycanın xeyriyyəçiləri və xeyriyyəçilik” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov xalqımızın tarixən xeyriyyəçiliklə bağlı gördüyü işlər haqqında məlumat verdi. Azərbaycanın xeyriyyəçilərinin cəmiyyətin inkişafı və mənəvi dəyərlərin təbliğində gördüyü işlər haqqında danışan A.Qurbanov gənclərin belə nümunələrdən bəhrələnməsinin əhəmiyyətini qeyd etdi.
“Xeyriyyəçiliyin mahiyyəti və xeyriyyəçilik işinin təşkili” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Vəlizadə çıxış etdi. T.Vəlizadə dünya təcrübəsində xeyriyyəçilik, xeyriyyəçiliyin müasir formaları və vasitələri ilə bağlı iştirakçılarla fikirlərini bölüşdü.
Daha sonra Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə günümüzdə sosial şəbəkələrin xeyriyyəçilik işində təşviqedici rolu barədə məruzə söylədi. S.Verdizadə bildirdi ki, sosial şəbəkələr neqativ yox, pozitiv tendensiyalara xidmət etməlidir. Natiq diqqətə çatdırdı ki, gənc nəslin nümayəndələri sosial şəbəkələrdən istər xeyriyyəçilik, istərsə də digər fəaliyyət sahələri üzrə səmərəli istifadə etməyi bacarmalıdır.
Konfransda QHT rəhbərləri və gənclərlə geniş fikir mübadiləsi aparıldı.

calendar 5-12-2018, 14:24 eye 1 597 eye Paylaş