İyunun 25-də Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunmuş “İstiqlal Keşikçiləri” adlı videokonfrans təşkil olunub.
Videokonfransda QHT sədrləri, müxtəlif universitetlərin tələbə gənclər təşkilatları, KİV nümayəndələri, ziyalılar, şəhid ailələri və Qarabağ qaziləri iştirak edib.
Konfransı giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycan ordusunun yaranma tarixindən, ordunun xalqımızın həyatındakı rolundan danışaraq, şəhidlərimizin əziz xatirəsini daima uca tutmağı gənclərimizə tövsiyə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında qeyd edib ki,tədbirin adı təsadüfən “ İstiqlal Keşikçiləri” adlandırılmayıb. Ordu həqiqətən bir xalqın, millətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatıdır.
Qarabağ qazilərindən baş leytenant Əhliyət Mehdiyev, kapitan Anar Məmmədov və baş gizir Zamiq Əsgərov Vətənin müdafiəsi uğrunda sağlamlıqlarını itirsələrdə, hər zaman doğma torpaqlarımızın müdafiəsi yolunda döyüşə hazır olduqlarını bildiriblər.
Azərbaycan Respublikaının Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova qeyd edib ki, gənclərimiz hər bir zaman olduğu ölkədən, tutduğu statusdan asılı olmayaraq Azərbaycan həqiqətlərini dünya gənclərinə çatdırmağa nail olmalıdırlar.
KİV rəhbərləri Elşad Eyvazlı və Zaur Əhməd vətənpərvərliyin təbliğində ictimai təbliğatın vacibliyini vurğulayıblar.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələrin bu kimi tədbirlərdə iştirakını müsbət hal kimi qiymətləndirib, gəncliyin üzərinə böyük bir vəzifə qoyulduğunu qeyd edib.
Müxtəlif universitetlərin tələbə gənclər təşkilatlarının üzvləri videokonfransda çıxış edərək Azərbaycan naminə daima mübarizə aparmağa, şəhidlərimizin, qəhrəmanlarımızın xatirəsini uca tutmağa, vətənimizin bütövlüyü uğrunda hər bir mübarizəyə hazır olduqlarını bildiriblər.
Tədbirdə tələbələrin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar ifa edilib.