Bu gün “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” filminin universitetin müəllim və tələbələri ilə birgə müzakirəsi keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu və “Azadlıq Hərakatçıları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov qloballaşan indiki dünyada informatika texnologiyalarının inkişafı cəmiyyətlərin inkişafında mühüm əhəmiyyətli rol oynaması ilə yanaşı, bir sıra hallarda problemlər də yaratdığını, cəmiyyət olaraq bu problemlərə qarşı mübarizə aparmağın zəruriliyini bildirdi. T. Novruzov, bu baxımdan gənclərin mənəvi dünyasının formalaşmasına bəzi internet saytlarının ciddi mənfi təsirlərinin danılmaz olduğunu və “Şəhadət” kimi filmlərin nümayişinin və qoyulan problemin bilavasitə gənclərin iştirakilə müzakirə olunmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək, tədbirin də məhz bu məqsədlə keçirildiyini iştrakçıların diqqətinə çatdırdı.
Sonra “Şəhadət” filmi tam şəkildə nümayiş etdirildi. Filmin nümayişindən sonra “Odlar Yurdu” Universiteti rektorunun müşaviri Füzuli Həsənov, universitetin mətbuat katibi Günay İmanova, tələbələrdən Zeynəb Rzazadə, Mircavad Məmmədli, Təhmin Babayev, Musa Mədətov, Hacı Musayev və başqaları çıxış edərək filmin məziyyətləri, onun gənclərə təsiri, gələcəyimiz olan gənc nəslin filmdə qoyulan problemə ciddi yanaşmalarının vacibliyi haqqında fikirlərini səsləndirdilər.