Dekabrın 26-da İsmayıllı şəhər “Cümə” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən sevgisi-Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, dini icma sədrləri, dindarlar, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı İslam dinində Vətənə, torpağa bağlılığın əhəmiyyətindən və Vətən sevgisinin müqəddəsliyindən bəhs ediilib. Qeyd edilib ki, cəmiyyətdə, xüsusən də gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanması zəruridir. Müstəqil dövlət quruculuğu yolunda hər kəsin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan vətəndaşlar yerinə yetirə bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.