Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə keçirdiyi “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları dərc olunub.
Tədbiri giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə görə, 2019-cu ilin “Nəsimi İli” elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncam imzalaması və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə böyük mütəfəkkirin yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi dövlətimiz tərəfindən ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.
C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
Aİİ rektoru keçirilən konfransın materiallarının çap edilməsinin nəsimişünaslar üçün böyük əhəmiyyətə malik olacağına ümidvar olduğunu bildirib.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli”nin elan olunması bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsidir.
M.İsmayılov daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətlərini hazırda Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
M.İsmayılov “Nəsimi İli” çərçivəsində Fond tərəfindən görülən işlər haqqında məlumat verib. Bildirib ki, mütəfəkkirin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması gənclərimizin Azərbaycan mədəniyyətini, onun milli-mənəvi dəyərlərini öyrənməsi baxımından olduqca əhəmiyyətlidir.
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizmin mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri fil.e.d. Mahirə Quliyeva qeyd edib ki, Nəsimi Azərbaycan ədəbiyyatında Ana dilində yaranan şeirin şəkli xüsusiyyətlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb. Dahi şairin əruz vəzninin müxtəlif bəhrlərində və müxtəlif şəkillərində Ana dilində şeirlər yazdığını vurğulayan M.Quliyeva Nəsiminin əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışdığını da nəzərə çatdırıb.
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, fil.e.d., professor Şəfəq Əlibəyli İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii estetik səviyyəyə malik poeziyasından bəhs edib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fil.e.d. Ataəmi Mirzəyev klassik irsin tədrisi, nəşri və təbliği ilə əlaqədar görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, klassikləri yeni nəslə tanıtdırmaq, sevdirmək, təbliğ etmək üçün onların irsinin nəşrində yeni forma və üsullar lazımdır.
Şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov Nəsimi fəlsəfəsi, poeziyası və yaşadığı tarixi dövr haqqında danışıb. Nəsimi fəlsəfəsində əks olunan kamil insan konsepsiyası haqqında geniş bəhs edib.