"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə maarifləndirici tədbir keçirilib

      Noyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Dini maarifləndirmə - mövhumata və xurafata qarşı” adlı layihə çərçivəsində Balakən rayonu Heydər Əliyev Mərkəzində “Mənəvi dəyərlər nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Balakən rayon Qazısı İbrahim İbrahimov, Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri, imam müavini Elşən Poladov və Balakən şəhər ictimaiyyətinin nümayəndələri, dindarlar iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri, imam müavini Elşən Poladov DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirilən “Dini maarifləndirmə - mövhumata və xurafata qarşı” adlı layihə barədə məlumat vermiş, müasir zamanda əhalinin geniş zümrələri arasında dini maarifləndirmə işinin aparılmasının olduqca vacib və əhəmiyyətli olmasını qeyd etmiş, dini icmalara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişdir. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında milli-mənəvi dəyərlər sistemindən söhbət açaraq əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən dövlət-din münasibətlərindən, dindarlar üçün yaradılmış hərtərəfli şəraitdən, dövlət–din münasibətlərini tənzimləyən qanunvericilik aktlarından bəhs etmiş, Azərbaycanda mövcud olan yüksək etnik və dini tolerantlıqdan, Azərbaycan multikulturalizminin isə  bütün dünya ölkələri üçün parlaq nümunə olmasını bildirmişdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənclərə aşılanmasının vacibliyini qeyd edərək dini mövhumatın və xurafatın dini radikalizmə, dini eksremizmə yol açan amil olmasını bildirmiş, törətdiyi fəsadlardan danışmışdır.
 Balakən rayon Qazısı İbrahim İbrahimov qeyd etmişdir ki, İslam dini sülh, birlik və əxlaq dinidir. İslamı düzgün təmsil etmək hər bir müsəlmanın müqəddəs  vəzifəsidir.Bunun üçün ən vacibi sağlam dini düşüncənin və dini savadın müsəlmanlar tərəfindən öyrənilməsidir. Dini mövhumatın və xurafatın zərərliyi  barədə danışaraq vurğulanmışdır ki, bu mənfi amillər müsəlmanları İslam dinini layiqincə təmsil etməkdən məhrum edir. Bu da öz novbəsində dini zəmində bölünməyə,  məzhəbçiliyə və təriqətçiliyə aparır. Balakən (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxış edərək milli və dini dəyərlərin  təhrif olunmasının qarşısının alınmasında və İslam dininin xurafat və mövhumatdan təmizlənməsində təhsilin əhəmiyyətini vurğulamış və hər bir gəncin Azərbaycançılıq   məfkurəsinə  sadiq olaraq vətəndaşlıq mövqesini göstərməyinin vacibliyini bildirmişdir.         
Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 27-11-2018, 11:39 eye 863 eye Paylaş