Noyabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icmasının təşkilatçılığı ilə “Sərhəddən başlanan Vətən” adlı layihə çərçivəsində “Şəhidliyin fəzilətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov, məscidin imamı Cavid Məmmədov və dindarlar iştirak edib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında bildirib ki, tarix boyunca şəhidlik və qazilik xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olmuşdur. Xalqımız vətəni və müqəddəs dəyərləri naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Ə.Rəfiyev “ölsəm şəhid, qalsam qazi” inamının xalqımızın şanlı zəfərlərinin sirri olduğunu qeyd edib.
Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov və məscidin imamı Cavid Məmmədov öz çıxışlarında dinimizin vətəni, dövləti, ailəni, özünün şərəf və ləyaqətini qorumağı insanların başlıca vəzifəsi hesab etdiyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.