Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəlilabadda “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin rayon gəncləri ilə görüşü təşkil edilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, rayon ziyalıları, müəllimlər və gənclər iştirak edib.
Tədbirdə müasir dövrümüzdə gənclərin mənəvi inkişafının vacibliyinə toxunulub. Qeyd olunub ki, bu gün yeniyetmələr və gənclər elmə, təhsilə yiyələnməli, eyni zamanda özlərini mənəvi-əxlaqi cəhətdən inkişaf etdirməlidir. Şair, publisist Qəşəm Nəcəfzadə qeyd edib ki, ölkəmizin beynəlxalq aləmdə tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün potensial gücə malik olan gənclərimiz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı yaxşı bilməli, xarici dil biliklərinə yiyələnməli, qəlblərində vətənpərvərlik ruhunu daim yaşatmalıdır.
Yekunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.