Noyabrın 27-də Quba rayonunun Digah kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında ibadət yerlərinin rolu” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Piroğlan Abdullayev, Quba rayon Təhsil şöbəsinin metodisti Vüqar İmaməliyev, Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev, məktəblilər, müəllimlər, dindarlar və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlər xalqımızın kimliyini özündə əks etdirən zəngin mədəni irsdir. Əsrlər boyu Azərbaycan xalqı bu adət-ənənələrə sadiq qalaraq günümüzə qədər gətirib çıxarıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin təbliği sahəsində, eyni zamanda xaricdə tanıdılması istiqamətində çox böyük işlər görülür.
Quba RİH başçısının Xucbala kənd İƏD üzrə nümayəndəsinin müavini Piroğlan Abdullayev çıxış edərəb bildirib ki, Milli-mənəvi dəyərlərimizi qorumaq hər bir vətəndaşın borcudur. Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoş məramlı səfiri kimi bu sahədə əvəzsiz işlər görür.
Quba rayon Təhsil şöbəsinin metodisti Vüqar İmaməliyev tədbirdə çıxış edərək dövlətin təhsilə qayğısından danışıb, milli-mənəvi dəyərlərin təbliğində təhsil müəssisələrinin rolundan danışıb.
Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev tədbirdə çıxışı zamanı dini ibadət yerlərinin ən önəmli işinin İslam dinini ənənəvi şəkildə dindarlara çatdırmaqdan ibarət olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.