"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun dəstəyi ilə əlillər üçün “Sevgi hüdud tanımır” mövzusunda tədbir keçirilib

Oktyabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun dəstəyi ilə “Sevgi hüdud tanımır” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova, Fondun Himayəçilər Şurasının üzvü, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zülfüqar Qasımov, əlillər və onların ailə üzvləri, eləcə də aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, fiziki imkanı məhdud olan vətəndaşlarımız da cəmiyyətin aparıcı tərkib hissəsidir. Onlara diqqət və qayğı ilə yanaşmaq bizim üzərimizə düşən əsas vəzifələrdəndir. Ölkəmizdə əlillərlə bağlı müxtəlif təşkilatlar, birliklər fəaliyyət göstərir. Mənəvi Dəyərlərin Təbliği Fondu da adından göründüyü kimi mənəvi dəyərlərin təbliği ilə məşğuldur. Bu gün dünyada müsbət proseslərlə yanaşı mənfi proseslər də baş verir. Mənfi proseslər fonunda xalqlar öz mənəvi dəyərlərindən uzaqlaşırlar. Bizim fondun fəaliyyəti bu prosesin qarşısını almağa dair xidmət göstərməkdir.
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova bildirib ki, biz bugünkü tədbirlə yalnız bayramlarda, əlamətdar günlərdə deyil, hər zaman sizin yanınızda olduğumuzu göstərməyə çalışırıq. Əsas insanın fiziki deyil əqli cəhətdən sağlam olmasıdır. Ölkə başçısı tərəfindən fiziki məhdiyyəti olan insanlar, eləcə də aztəminatlı ailələrlə bağlı çox mühüm sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı mühüm və əhəmiyyətli işlər görülür. G.Bayramova əlillərə və aztəminatlı ailələrə göstərilən diqqətə, edilən bu cür gözəl təşəbbüsə görə “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu adından Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Fondun Himayəçilər Şurasının üzvü, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirliməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zülfüqar Qasımov əlillərimizin dövlət qayğısından bəhrələndiyini və bütün fiziki məhdud şəxslərin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini vurğulayıb.
Tədbir çərçivəsində əlillərə və onların ailə üzvlərinə, eləcə də aztəminatlı ailələrin nümayəndələrinə ərzaq yardımı paylanıb.

calendar 25-10-2019, 15:37 eye 1 348 eye Paylaş