Oktyabırın 23-də Qəbələ şəhəri yeni məsciddə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qəbələ rayon Nic qəsəbəsi Abdallı məhəllə məscidi dini icmasının təşkilatçılığı ilə “Sağlam ailə sağlam gəncliyin təminatıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ rayon Nic qəsəbəsi Abdallı məhəllə məscidi dini icmasının sədri Orxan Xasməmmədov ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, insan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.