"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə iyulun 19-da Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, Fondun Himayəçilər Şurasının üzvləri, deputatlar, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Fondun icraçı direktoru Mehman İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki, eyni zamanda, gənclərin Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolu barədə danışıb. O bildirib ki, Fondun əsas fəaliyyət istiqaməti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. İcraçı direktor deyib ki, ölkəmizdə vaxtilə bu sahədə atılan addım Azərbaycanın dünyaya inteqrasiyasında xüsusi yerə malikdir. Azərbaycançılıq ideologiyası tolerant mühitin formalaşmasına geniş imkanlar yaradıb. Milli-mənəvi dəyərlər illərlə formalaşan sistemdir, Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində bu sistemin yenidən inkişafına nail olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətlərindən danışan M.İsmayılov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminarların, konfransların və xeyriyyəçilik fəaliyyətinin təşkili, kitab nəşri, eyni zamanda, televiziya kanallarında və radiolarda mənəvi dəyərlərlə bağlı verilişlərin və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
“Mənəvi dəyərlərin təbliği işində Heydər Əliyev siyasəti” adlı məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, ideologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. O, insanların gündəlik şüurunu nəzəri-konseptual səviyyəyə qaldıraraq, məxsus olduğu sosiumun inkişaf yolunda digər həmvətənləri ilə sıx birləşməyi həyata keçirir. İdeologiya insanlarda milli düşüncəni formalaşdırmaqla ayrı-ayrı sosial sinif və qrupları eyni məqsəd və hədəf ətrafında toplayır. Milli düşüncəni mənimsəmiş hər bir fərd sonda ümumi milli düşüncəyə sahib toplumu əmələ gətirir. Beləliklə, kütləvi şüurun formalaşmasında iştirak edən ideologiya cəmiyyəti vahid ideya ətrafında birləşdirir.
Qeyd edilib ki, müasir tariximizdə dəfələrlə anti-Azərbaycan dairələr tərəfindən dövlətçiliyimizin sarsıdılması istiqamətində təxribatlar törədilərkən xalq öz lideri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşib, mövqeyini ortaya qoymaqla dövləti, dövlətçiliyi müdafiə edib.
Fondun Himayəçilər Şurasının üzvü onu da bildirib ki, vahid siyasi subyekt kimi dövlətin gələcək inkişaf sektorları ilə bağlı ictimai-siyasi proseslərdə aktiv iştirak edən cəmiyyətimiz ümumi mövqedən çıxış edərək azərbaycançılığın siyasi şüura təsir gücünü ortaya qoyur. Məhz azərbaycançılıq ideologiyasını mənimsəmiş cəmiyyətimiz ölkənin inkişafı üçün doğru yolu seçməkdə kütləvi siyasi iradə və davranış ortaya qoyur.
Sonra Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi-ideoloji hamisi kimi" mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır. Bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir. Deputat qeyd edib ki, milli-mənəvi dəyərlər hər bir xalqın inkişafında əldə etdiyi intellektual müstəvidə proyeksiya olunan hadisədir. Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Əgər biz yaşadığımız məkanda xalq kimi formalaşmasaydıq, var olmaq üçün mücadilə etməsəydik o zaman indiki keyfiyyətlərə malik olmazdıq.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov vurğulayıb ki, Azərbaycançılıq ideologiyası bir fənn olaraq məktəblərdən təbliğ olunmalıdır. Bu istiqamətdə bölgələrdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycançılıq ideologiyasının meydana gəlməsi xalqımızı zərərli tendensiyalardan qorudu. Gəncliyin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan rektor qeyd edib ki, hər birimiz Azərbaycançılıq ideologiyasının ətrafında birləşməli, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Dinimiz xalqımızın milli sərvətidir. Milli dəyərlərimizə sadiq olduqca heç bir qüvvə bizə təsir edə bilməz.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov çıxışında mənəvi dəyərlərin qorunmasının Azərbaycan xalqının gələcəyi üçün vacib olduğunu diqqətə çatdırıb. Bildirib ki, ictimai, əxlaqi, dini dəyərlər, eləcə də adət-ənənələr birləşərək bir xalqın mənəvi dəyərlər sistemini meydana gətirir.
Daha sonra AMEA-nın elmi işçisi Əli İbrahimovun “Azərbaycançılıq ideologiyasının konseptual aspektləri”, AMEA-nın böyük elmi işçisi Anar Qafarovun “Funksional və sensual vəhdət aspektindən Heydər Əliyevin milli strategiyasının təhlili” mövzularında məruzələri dinlənilib.

calendar 20-08-2018, 14:12 eye 949 eye Paylaş