Oktyabrın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, Azərbaycan Yazıçılar Birliyinin Qazax rayon filialının sədri, əməkdar incəsənət xadimi Barat Alıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Səhlədar Hidayətoğlu, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, şair Mübariz Qaragözlü, ziyalılar, müəllimlər, universitet tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov Qazax rayonunun Azərbaycanın tarixən elm,sənət beşiyi olduğunu bildirib. Belə bir konfransı Qazax rayonunda təşkil etdiyi üçün Fonda minnətdarlığını bildirib.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov öz çıxışında bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. O, qeyd etmişdir ki, Nəsimi fəlsəfi məqamı dəyərlərimizin ifadə forması, eləcə də dəyərlərə bağlılığı aşılayan məqamdır. Elə məhz o səbəbdən ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il respublikamızda Nəsimi ili elan edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin Qazax rayon filialının sədri, əməkdar incəsənət xadimi Barat Aliyev diqqətə çatdırıb ki, böyük şair, filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq”ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir deyə vurğulayıb.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı vurğulayıb ki, Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən müəllimdir, ustaddır. O qeyd edib ki, Nəsimi özümüzə qayıdışın, eyni zamanda milli kimliyimizin fəlsəfi və ilahi tərənnümüdür. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.