Oktyabrın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Universitetin tələbələri ilə görüş keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, ADU-nun rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov, müəllimlər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Universitet rektorunun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov bildirib ki, keçirilən bu kimi tədbirlərin özəyində həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi dayanır, həm də Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsi durur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti haqqında danışıb. M.İsmayılov bildirib ki, Fond milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində sosial layihələrin reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Maarifləndirmə işini bir neçə istiqamətdə həyata keçirən Fond ali dəyərlərimizi özündə ehtiva edən filmlərin və sosial video-çarxların hazırlanmasına xüsusi yer ayırır ki, bu da gənclərin milli və mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə xidmət edir. Fondun sifarişi ilə hazırlanmış filmlərdən biri “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlanır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşaraq verdiyi önəmdən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Sonda ailə, insanpərvərlik, xeyirxahlıq, əxlaq, azərbaycançılıq kimi dəyərlərin qorunmasının və gənclər arasında təbliğinin vacibliyini vurğulayan Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.