"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fondun rəhbərliyini mükafatlandırdı

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) fəaliyyətinin 2 ilinin tamam olması münasibətilə rəhbərliyini mükafatlandırıb.
DQİDK sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək bildirib ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
Daha sonra Komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun 2 illik fəaliyyətinə qısa nəzər salıb, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, maarifləndirmə tədbirləri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzuları əhatə edib və ötən ildən bu günədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və "dəyirmi masa”lar təşkil olunub. Həmçinin, ötən il Fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilib, 3 sənədli film, 5 sosial videoçarx hazırlanıb. Tədbirlərin davamı olaraq bu ilin sonunadək 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulur.
DQİDK sədri Fondun 2 illik fəaliyyətini yüksək dəyərləndirərək qeyd edib ki, MDTF-nin təşəbbüsü ilə reallaşdırılan layihələr cəmiyyətimizin inkişafına mühüm töhfələr verir, xalqımıza məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında aparıcı qüvvələrdən birinə çevrilir. Fondun 2 il ərzində çox əhəmiyyətli işlər gördüyünü deyən M.Qurbanlı bu fəaliyyətin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyib. Komitə sədri qurumun gələcək işlərində də mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edib.
MDTF-nın icraçı direktoru Mehman İsmayılov diqqət və dəyərə görə təşəkkürünü bildirib. O, mənəvi dəyərlərimizin təbliği sahəsində gələcək fəaliyyətlərini mövcud təcrübədən yararlanmaqla daha da təkmilləşdirəcəklərinə, bu gün beynəlxalq arenada gündən-günə mövqelərini möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği sahəsində mühüm addım atacaqlarına əminliyini ifadə edib.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, direktor müavinləri Ceyhun Əliyev və Rəfi Qurbanova fəxri fərmanlar təqdim edilib.

calendar 18-10-2019, 14:03 eye 778 eye Paylaş